Armavirdə erməni faşist cəlladı Njdenin xatirə lövhəsi sökülüb


Dünya 01 Dek 2019 12:14:00 153 0

Armavirdə erməni faşist cəlladı Njdenin xatirə lövhəsi sökülüb

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsi sökülüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Armavirdə erməni nasistə xatirə lövhəsinin qoyulması, faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olmuşdu. Nasist havadarının xatirəsinin əbədiləşdirilməsi Böyük Vətən müharibəsi zamanı alman faşistlərinə qarşı döyüşdə qanını tökmüş insanların xatirəsinin təhqir olunması kimi qəbul edilirdi. Njde müharibə zamanı həm də arxa cəbhədə strateji obyektlərdə, o cümlədən dəmir yollarında partlayışlar törətməyə qadir diversantların hazırlanması ilə məşğul idi. Bir sözlə, müasir beynəlxalq hüquq dilində desək, o, beynəlxalq terrorçu olub. Njdenin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur".

Üçüncü Reyxlə əməkdaşlıq etmiş şəxslərin cinayətkar və vətən xaini hesab edilməsini nəzərə alsaq, faşizmlə əməkdaşlıqda adı hallanan bir satqının xatirəsinin Armavirdə əbədiləşdirilməsi heç bir məntiqə sığmırdı və haqlı narazılığa səbəb olurdu. Beləliklə, xatirə lövhəsinin sökülməsi ilə bu məsələ öz məntiqi sonunu tapdı və ədalət bərpa edildi.

Qeyd edək ki, Ermənistanda faşist Njdenin qəhrəman obrazının yaradılması ilə bağlı məsələni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında qaldırıb. Dövlətimizin başçısı faşistlərin qəhrəman kimi qələmə verilməsini qətiyyətlə pisləyib. Azərbaycan Prezidenti MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını vurğulayıb.

Prezident İlham Əliyev 2019-cu ildə Rusiya Xarici İşlər Nazirliyinin təqdim etdiyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzədən sitat gətirərək deyib ki, Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb.