Azərbaycanda turizm əhəmiyyətli daha bir yol yenidən qurulur


Digərləri 01 Dek 2019 09:11:00 117 0

Azərbaycanda turizm əhəmiyyətli daha bir yol yenidən qurulur

Dövlət başçısının sərəncamlarına əsasən, vətəndaşların gediş-gəlişinin rahat təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, bu cür layihələrdən biri 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulmasıdır.

Belə ki, avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.

Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib.

Bu səbəbdən də layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb.

Yol boyu tələb olunan yerlərə su ötürücü boruların quraşdırılması tələb olunduğu üçün yol oyu 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub.