Aslan Növrəslinin "Yeni nəfəsli" növbəti ifası


Şou-biznes 30 Noy 2019 18:18:00 141 0

Aslan Növrəslinin "Yeni nəfəsli" növbəti ifası

27 noyabr 2019 -cu il Azərbaycan musiqisinin növbəti uğurlu layihələrindən birinin gerçəkləşdiyi gün kimi tarixə yazıldı. Belə ki, həmin gün M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqimizin aparıcı kollektivlərindən biri olan Q.Qarayev adına Dövlət Kamera orkestrinin müşayiəti ilə keçirilən konsert hələ uzun zaman dinləyicilərin yaddaşında dərin iz buraxmış olacaq. Belə ki, konsertin dinləyici kütləsinin sevimli ifaçısı, tarzən, Azərbaycan musiqisində çoxsaylı yenilikləri ilə yaddaşlara imza atan Arslan Növrəsli və Avropa təhsilli, hal - hazırda Almaniyada yaşayan azərbaycanlı musiqiçi -dirijor Valid Ağayevin birgə çıxışı əvəzolunmaz idi.

Tamaşaçı axınına vərdiş olmuş bu akademik musiqi məkanının dinləyici tərkibi bu dəfə daha çox hazırlıqlı və agah kütlədən ibarət idi desək, yanılmarıq. Çünki solistin kimliyi hamıya bəlli olduğu kimi, özəlliyi də mütləq qeyd olunmalıdır. Arslan Növrəsli sənəti ilə sözünü demiş, özünü təsdiq etmiş ifaçıdır. Belə ki, tar ifaçılığı sənəti tarixində ilk harmonik jazz standartları təqdim etmiş, milli musiqinin müxtəlif yönlərində yeniliklər tətbiq etmiş tarzən bu dəfə də maraqlı yanaşması ilə ifaçılıq gündəminə gəlmiş oldu.

Müxtəlif janrlara -jazz, folklor, muğam, klassik və s. müraciəti ilə mütəmadi olaraq yerli və xarici səhnələrdə çıxışlar edən tarzən Arslan Növrəsli solo konsert ifaçılığı sahəsində saysız layihələr təqdim etmişdir. İfaçının özəlliyi də ondan ibarətdir ki, hər bir layihədə yeni yanaşması, dəst -xətti, xüsusi ruh və fərqliliyi ilə diqqət mərkəzinə keçməyi bacarır. Bu, onda qeyri -ixtiyari alınan, yaradıcı baxışdan irəli gələn bir məqamdır.

Haqqında danışılan tədbirin proqramına daxil olan W.A.Mozart, S.Raxmaninov kimi xarici bəstəkarların əsərlərinin dirijor V.Ağayevin interpretasiyası və Kamera orkestrində səslənməsindən sonra T.Bakıxanovun "Xatirə" konsertinin ifası baş tutdu. Tar və simfonik orkestr üçün yazılmış 3 hissədən ibarət olan əsər bəstəkarın bu janrda yazılmış ilk konserti olaraq atası, tarzən Əhməd Bakıxanova həsr olunmuşdur.

Bu dəfəki ifa isə əvvəlkilərdən çox fərqlənirdi. Belə ki, ifaçı Arslan Növrəslinin tapıntısı kimi konsert simfonik orkestrin ifasında deyil,  ilk dəfə kamera orkestri tərkibində təqdim olundu. İlk baxışdan təəccüb doğuran bu yanaşma ifanın yekunundan sonra auditoriyanın dayanmadan səslənən alqışları ilə böyük uğurun baş tutmasından xəbər verdi. Konsert zalının abu -havası qürur atmosferinə büründü. Əsərin ifasının uğurunda təbii ki, orkestrin ifaçılarının və adıçəkilən musiqi kollektivinin direktoru Nərgiz xanım Əliyevanın da böyük rolu olmuşdur.