Bakıda evli qadın Ramizlə “sevişdi”, axırda da vurub öldürdü "Deyirdi ya mənim olacaq, ya qara torpağın"


Kriminal 30 Noy 2019 18:02:20 190 0

Bakıda evli qadın Ramizlə “sevişdi”, axırda da vurub öldürdü  "Deyirdi ya mənim olacaq, ya qara torpağın"

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirməkdə ittiham olunan Günel Qasımovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, prosesdə şahid qismində Nicat Abuşov dindirilib. O, ifadəsində mərhum Ramiz Hüseynovla yaxın qohum olduqlarını, Ramizin ona güvəndiyini, hər yerə birgə gedib-gəldiklərini deyib. Şahidin dediklərindən belə məlum olub ki, Ramizin Günel Qasımova ilə yaxın münasibət qurmasından onun ailə üzvləri xəbər tutub, nəticədə ər-arvad arasında söz-söhbət yaranıb.

"Ona görə Ramiz hər yerə mənimlə gedirdi. Həyat yoldaşı da elə bilirdi ki, mənim yanımdadı", - şahid deyib.

N.Abışov ifadəsində deyib ki, hadisədən iki il öncə Ramizlə Günel Nabrana istirahətə gediblər. Həmin vaxt Nicatla yanaşı, Günelin rəfiqəsi də onların yanında olub. Birlikdə yeyib-içiblər. Süfrə arxasında Günellə Ramizin münasibətindən söz düşərkən sonuncu "mənim sənlə sonunadək bir yerdə olmağım mümkün deyil" deməsi ilə Günelin bıçağa əl atması bir olub: "Günel bıçaqla Ramizi vurmaq istədi. Güclə sakitləşdirdik".

Şahid ifadəsində Ramizin qətlindən sonra depressiyaya düşdüyünü deyib: "Qətldən sonra Günelin evini polis əməkdaşlarına mən göstərmişəm. Həmişə deyirdilər ki, Ramizin sirrini sən bilirsən. Ramiz ömür boyu kiməsə borclu olmayıb. Bunun evinin, maşınının kreditini də Ramiz ödəyirdi. Ramizin ölümündən sonra depressiyaya düşdüm. Ondan sonra anam da vəfat etdi. Hələ də şokdayam".

Məhkəmədə mərhumun anası hakimdən çıxış üçün ona söz verilməsini istəyib. Oğlunun qatilinin Günel olmasını Xırdalanda hər kəsin bildiyini deyib: "Xırdalanda kimdən soruşsan ki Ramizi kim öldürüb. Hamı bir ağızdan Günelin öldürdüyünü deyəcək. Hətta müstəntiq özü də dedi ki, yasda hamı danışırmiş ki, bu qadın Ramizin axırına çıxdı. Keçən dəfə məhkəmədə deyir ki, görərik axırda nə olacaq. Bu qadın kimə arxalanır? Çöldə anası belə deyir, içəridə də balası".

Daha sonra prosesdə şahid qismində Ziyafət Abışov dindirilib. O, ifadəsində Ramizlə əmiuşağı olduqlarını, dəfələrlə Ramizi Yasamala - Günelin yaşadığı ünvana apardığını bildirib: "Ramizin evində söz-söhbət olurdu. Neçə dəfə mən özüm də ona demişdim ki, bu qadınla bitir münasibətini. Ramizin ona 1200, ya da 1400 manat borcu var idi. İşdən çıxmışdı, son iki ay idi ki, bunun da yanına gedib-gəlmirdi. Mənə deyirdi ki, o qıza bir az borcum var, verim, yoxsa öldürər məni".

Şahid ifadəsində əlavə olaraq göstərib ki, təqsirləndirilən Günel Qasımova mütəmadi olaraq Ramizi ölümlə təhdid edib: "Ramizlə hara gedirdisə, tez şəkil çəkib onun arvadına göndərirdi. Təhdid edirdi. Deyirdi ki, ya mənimdi, ya da qara torpağın".