İran vətəndaşının Azərbaycanda girov saxlanılması xəbərlərinə


Kriminal 30 Noy 2019 17:32:30 125 0

İran vətəndaşının Azərbaycanda girov saxlanılması xəbərlərinə

Bəzi kütləvi informasiya vasitələrində İran İslam Respublikası vətəndaşı Atefeh Dehghanızadehin Azərbaycanda guya girov saxlanılması barədə məlumatlar yayılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Son.az-a daxil olan birgə açıqlamada bildirilir ki, həmin məlumatlar əsassızdır:

"Bununla əlaqədar bildirilir ki, A.Dehghanızadehin əri İran İslam Respublikasının vətəndaşı Farzad Foroozanmehrin tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı 01 fevral 2019-cu il tarixdə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış istintaqla müəyyən edilib ki, F.Foroozanmehr tanışı Orxan İsmayılova yalan vəd verib sonuncunun anasına məxsus Yasamal rayonu ərazisində 3 otaqlı mənzilini öz tanışına 240 min manata satacağını bildirib və bu məqsədlə 25 dekabr 2018-ci ildə etibarnamə əsasında 210 min manata sataraq pulunu ələ keçirib Türkiyəyə qaçıb.

Cinayət işi üzrə F.Foroozanmehrin barəsində dövlətlərarası axtarış elan edilib.

Həmçinin, istintaqı zamanı A.Dehghanızadehin əri tərəfindən aldadılaraq əmlakı ələ keçirilmiş O.İsmayılovun övladını qaçırmaq istəməsi barədə bilə-bilə yalan xəbərçilik etməsinə və bu barədə bilə-bilə yalan ifadə verməsinə əsaslı şübhələr müəyyən edildiyindən A.Dehghanızadeh barəsində Cinayət Məcəlləsinin 296.2 (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunmaqla bilə-bilə yalan xəbərçilik etmə) və 297.2-ci (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunmaqla bilə-bilə yalan ifadə vermə) maddələri ilə cinayət işinin materiallarından ayrıca icraata ayrılaraq istintaqın aparılması üçün Yasamal rayon prokurorluğuna göndərilib.