Nazir: TANAP Türkiyə və Avropanın enerji təhlükəsizliyi üçün çox mühüm layihədir


Digərləri 30 Noy 2019 15:10:00 135 0

Nazir: TANAP Türkiyə və Avropanın enerji təhlükəsizliyi üçün çox mühüm layihədir

Trans-Anadolu qaz kəməri (TANAP) Türkiyə və Avropanın enerji təhlükəsizliyi üçün çox mühüm layihədir.

Bakı. Rufiz Hafizoğlu - Trans-Anadolu qaz kəməri (TANAP) Türkiyə və Avropanın enerji təhlükəsizliyi üçün çox mühüm layihədir. Trend-in məlumatına görə, bunu Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Fatih Dönməz Trans-Anadolu boru kəmərinin ikinci sahəsinin (Mərhələ-2) açılışı münasibətilə deyib. Nazir bildirib: "Bu layihə Türkiyə və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin daha bir göstəricisidir. Bu layihə enerji sahəsində "ipək yolu" olmaqla Türkiyəni regionun enerji habına çevirir". F.Dönməz əlavə edib ki, TANAP enerji sahəsində başqa layihələrə də müsbət təsir edəcək və Türkiyə başqa ölkələrlə birgə layihələrin reallaşdırılmasının tərəfdarıdır. TANAP-ın "Türk axını" ilə rəqabət aparması imkanlarına gəlincə, nazir vurğulayıb ki, bu iki layihə rəqib deyil, bir-birini tamamlayır. Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.