Azərbaycan və Almaniya şirkətləri 10 il ərzində 350-dən çox müqavilə imzalayıb


İqtisadiyyat 29 Noy 2019 19:54:05 129 0

Azərbaycan və Almaniya şirkətləri 10 il ərzində 350-dən çox müqavilə imzalayıb

Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramının 88 iştirakçısı - qadındır

Noyabrın 29-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

KOBİA-dan "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslər, proqramdan yararlanaraq Almaniyada təlim və təcrübə keçmiş sahibkar və menecerlər, eləcə də KİV nümayəndələri, ümumilikdə, 200-dən çox iştirakçı iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Almaniyanın Azəraycandakı səfiri Volfqanq Maniq, Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin nümayəndəsi Haynts Hetmayer və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığına və əlaqələrin genişləndirilməsi perspektivlərinə, yerli və alman şirkətləri arasında əməkdaşlığa, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın icrasına və sahibkarlar üçün faydasına dair fikirlərini bölüşüblər.

Proqrama və gələcək əməkdaşlığa dair müzakirələrin aparıldığı və müxtəlif təkliflərin səsləndirildiyi tədbirdə satış və marketinq sahəsində yeni texnologiyalara, innovasiyalara, Azərbaycan və Almaniyada startap hərəkatına, yeni ideyaların reallaşdırılmasına, menecment sahəsində dəyişikliklərin idarə olunmasına dair mövzularda panel iclaslar da keçirilib.

Tədbir çərçivəsində proqramın uğurlu nəticələrinin əyani şəkildə nümayiş olunduğu, proqramdan faydalanmış sahibkar və menecerlərin məhsullarından ibarət sərgi ilə tanış olublar.

Qeyd edək ki,2009-cu ildən icra olunan “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” Azərbaycan İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi tərəfindən həyata keçirilir. Proqramın əlaqələndiricisi Azərbaycan tərəfindən KOBİA, Almaniya tərəfindən isə GİZ-dir. 10 il ərzində proqramdan 422 sahibkar və menecer yararlanıb ki, onlardan 88-i qadındır. 50%-ə yaxını KOB-lar olan proqram çərçivəsində 2009-2019-cu illərdə 60-dan çox tədbir, təlim, seminar və tanışlıq səfərləri təşkil olunub. Proqramda iştirak edənlərin 44%-i xidmət, 26%-i istehsal, 23%-i ticarət, 7%-i isə digər sahələrdə fəaliyyət göstərən sahibkar və menecerlərdir. Proqram çərçivəsində Almaniya şirkətləri ilə ikitərəfli əlaqələr quran Azərbaycan şirkətləri indiyədək əməkdaşlığa dair 350-dən çox müqavilə imzalayıblar.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək