Vətəndaş cəmiyyəti tərəfindən icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbirləri keçirilib


Digərləri 29 Noy 2019 19:42:00 101 0

Vətəndaş cəmiyyəti tərəfindən icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən 2019-cu ilin avqust ayından başlayaraq ölkənin müxtəlif bölgələrində icbari tibbi sığorta sistemi haqqında həyata keçirilən maarifləndirmə tədbirləri başa çatıb.

Bakı. Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən 2019-cu ilin avqust ayından başlayaraq ölkənin müxtəlif bölgələrində icbari tibbi sığorta sistemi haqqında həyata keçirilən maarifləndirmə tədbirləri başa çatıb. Trend-in məlumatına görə, maarifləndirmə tədbirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə təşkil olunub. Tədbirlər ümumilikdə 19 rayon və şəhər olmaqla - Bakı, Sumqayıt və Şirvan şəhərlərində, Şəmkir, Lənkəran, Lerik, Masallı, Şamaxı, İsmayıllı, Sabirabad, Zaqatala, Xaçmaz, Qax, Balakən, Ağdam, Ucar, Göyçay, Astara və Cəlilabad rayonlarında keçirilib. Habelə Qax rayonunun Əlibəyli, Şıxlar, İlisu kəndləri, Balakən rayonunun Tülü, Qaravəlli, Katex kəndləri, Ağdam rayonunun Quzanlı, Dördyol-1, Yüz evlər, Yeni İmamqulubəyli-1 qəsəbələri, o cümlədən rayonun Əhmədağalı, Çıraqlı kəndlərinin sakinlərinə icbari tibbi sığorta sistemi haqqında məlumat verilib. Müxtəlif formatlı tədbirlərdə (təlim, seminar, məlumatlandırıcı sessiya, dəyirmi masa, ictimai müzakirələr, teledebatlar) iştirak edən rayon və kənd sakinləri, azsaylı xalqların nümayəndələri, məcburi köçkünlər, fərdi sahibkarlar, yerli QHT-lərin və icmaların nümayəndələri, tibb işçiləri və azadlığa buraxılmağa hazırlaşan məhkumlar icbari tibbi sığortanın məqsədi və əhaliyə verəcəyi faydalar, xidmətlər zərfi, icbari tibbi sığorta haqqı və s. barədə məlumatlandırılıblar.