Azərbaycan Prezidenti: “Dövlət Neft Fondu aktivlərini əmniyyətli şəkildə yerləşdirməlidir”


İqtisadiyyat 29 Noy 2019 17:00:57 101 0

Azərbaycan Prezidenti: “Dövlət Neft Fondu aktivlərini əmniyyətli şəkildə yerləşdirməlidir”

​Azərbaycan Prezidenti: “Dövlət Neft Fondu aktivlərini əmniyyətli şəkildə yerləşdirməlidir”

“Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Dövlət Neft Fondu həm öz aktivlərini artırmalı, onları əmniyyətli şəkildə yerləşdirməlidir. Strateji resursumuz olan Neft Fondumuz daim ölkəmizin, xalqımızın mənafeyi üçün çalışmalıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib:

“Mən əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirirəm. O cümlədən bildirmək istəyirəm ki, mən Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı fondlarının rəhbərləri ilə görüşlər keçirmişəm və çox böyük məmnunluq hissi ilə deyə bilərəm ki, onların da Fondumuz haqqında fikirləri çox müsbətdir”.

Prezident qeyd edib ki, Azərbaycan Dövlət Neft Fondu nəinki ölkə ərazisində önəmli layihələr icra edir, eyni zamanda dünyanın aparıcı fondları ilə də, - o fondların vəsaiti yüz milyardlarla ölçülür, - əməkdaşlıq edir və onlarla birlikdə müxtəlif sərmayə layihələrində iştirak edir. O vurğulayıb ki, bu, Fondun, ilk növbədə, nə qədər səmərəli təşkilat olduğunu göstərir: “Digər tərəfdən, dünyanın vəsaiti yüz milyardlarla ölçülən aparıcı fondları öz reputasiyalarına çox böyük həssaslıqla yanaşırlar və onlar üçün pul əsas deyil. Onlar üçün əsas reputasiya və şəffaflıqdır.Bizim üstünlüyümüz ondadır ki, Fondumuz təkcə bir xəzinə kimi yox, doğrudan da önəmli beynəlxalq təşkilat kimi ölkəmizin imicinə çox müsbət təsir göstərir. Hesab edirəm ki, gələcəkdə dünyanın aparıcı maliyyə qurumları ilə bizim əməkdaşlığımız dərinləşməlidir. Fondun investisiya portfelinin şaxələndirilməsi istiqamətində indi aparılan işlər qənaətbəxşdir. Ancaq həyat yerində durmur, yeni alətlər meydana çıxır, yeni sərmayə yerləri maraq doğurur. Ona görə siz bu sahədə də çox çevik siyasət aparmalısınız. İndi dünyada iqtisadi inkişaf qeyri-bərabər şəkildə gedir. Bəzi ölkələrin iqtisadiyyatı daha böyük inkişafla artır. Ona görə biz çox çevik siyasət aparmaqla daha çox gəlir əldə etmək üçün ancaq azriskli aktivlərə fikir verməliyik”.