Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub


Digərləri 29 Noy 2019 17:10:00 125 0

Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan məhkəmə sisteminin tarixində ilk dəfə olaraq Elektron Məhkəmənin mobil versiyası təqdim olunub. Qeyd edək ki, "Mobil Elektron Məhkəmə" yeni proqram təminatı Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupu tərəfindən hazırlanıb.

Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov bildirib ki, 29 noyabr 2019-cu il tarixi artıq əlamətdar günə çevrilir, çünki həmin tarixdən vətəndaşlar və sahibkarlar istifadəyə verilən yeni mobil tətbiq vasitəsi ilə "Elektron məhkəmə" informasiya sisteminin, o cümlədən Vahid Məhkəmə Portalının bütün imkanlarından daha mobil qaydada faydalana bilərlər.

Qeyd edək ki, "Mobil Elektron Məhkəmə" vasitəsilə məhkəmələrə mobil telefondan elektron qaydada iddia ərizələri vermək, sənədlər göndərmək, məhkəmə proseslərinin keçiriləcəyi vaxt və yer barədə məlumatlandırılmaq, məhkəmə qərarlarının elektron almaq, hakim və məhkəmə barədə ümumi məlumat əldə etmək, məhkəmə statistikası ilə tanış olmaq və s. müasir imkanlarda istifadə etmək mümkündür.

Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri hakim Ramin Qurbanov əlavə edib ki, dünyada və Avropada mobil elektron məhkəmə tətbiqlərinə az rast gəlinir. Bunun səbəbi isə bu növ proqram təminatlarının hazırlanması üçün xüsusi yanaşmanın və eyni zamanda böyük intellektual resursların tələb olunmasıdır. Qürurverici haldır ki, Azərbaycanda fəaliyyət göstərən milli mütəxəssislərimiz, o cümlədən hakim və məhkəmə aparatı işçiləri bu missiyanı layigincə yerinə yetirə biliblər.

Təqdimat zamanı Dünya Bankı ilə birlikdə hazırlanan "Mobil Elektron məhkəmə"nin üstünlükləri barədə geniş məlumat verilib və bildirilib ki, tətbiq ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması yolunda növbəti bir addımdır. Çünki sahibkar və ya vətəndaş istənilən yerdə stasionar kompüterə bağlı olmadan aidiyyəti iş üzrə operativ məlumat əldə edə bilər, təyin olunan məhkəmə iclası barədə vaxtın məlumat öyrənə bilər. Mobil tətbiq vasitəsi ilə məhkəmə işinin sənədləri (iddia ərizəsi, məhkəmə aktı və s.) ilə smartfonda tanış olmaq və endirmək, sahibkarlara ASAN imza ilə daxil olaraq sahib olduqları şirkətə aid işlər ilə tanış olmaq mümkündür.