Patentin alınması barədə iddia sənədlərinə aid tələblər təsdiqlənib


Digərləri 29 Noy 2019 15:05:00 127 0

Patentin alınması barədə iddia sənədlərinə aid tələblər təsdiqlənib

Nazirlər Kabineti “Patentin alınması barədə iddia sənədlərinə aid Tələblər”i və “İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası”nı təsdiq edib

Bakı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 noyabr tarixli 437 nömrəli Qərarı ilə “Patentin alınması barədə iddia sənədlərinə aid Tələblər” və 2019-cu il 20 noyabr tarixli 453 nömrəli Qərarı ilə isə “İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası” təsdiq edilib. Qeyd etmək lazımdır ki, “Patent haqqında” Azərbaycan Respublikasının Qanunu 1997-ci ildə qəbul olunsa da, patentin alınması barədə iddia sənədinə dair tələblər, iddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması, dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq, ixtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi və reyestrdə dəyişikliklər edilməsi ilə bağlı qaydalar indiyədək müəyyən edilməmişdi. Qeyd olunan tələblər və qaydaların uzun müddət olmaması patent fəallığına, öz mənfi təsirini göstərməklə yanaşı, ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patentin alınması üçün tələb olunan sənədlərin tərtib olunmasında iddiaçıların çətinliklərlə üzləşməsinə səbəb olurdu. İddia sənədinin tərkibinə daxil olan sənədlərin dairəsi, ixtiranın və faydalı modelin mahiyyətini açıqlayan təsvirin, düsturların, sənaye nümunəsinin şəkillərinin və təsvirinin, habelə referatların necə tərtib edilməsi bu illər ərzində müzakirə və mübahisələrə səbəb olurdu. Bir sıra sənədlərin, o cümlədən patentin alınması üçün ərizə nümunəsinin, onun doldurulması və təqdim edilməsi qaydasının, ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və xidməti tapşırıq müqaviləsinin nümunələrinin normativ sənədlərlə təsdiq olunmaması da bir sıra çətinliklər yaradırdı. Bu sahədə yaranmış hüquqi boşluğu aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 mart tarixli 600 nömrəli Fərmanına əsasən beynəlxalq təcrübə nəzərə alınmaqla Əqli Mülkiyyət Agentliyi tərəfindən hazaırlanmış müvafiq sənədlərin layihələri aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmiş və Nazirlər Kabineti bu məsələyə operativ qaydada baxaraq qısa müddət ərzində müvafiq qərarların qəbul edilməsini təmin etmişdir. Xüsusi qeyd etmək lazımdır ki, “Patentin alınması barədə iddia sənədlərinə aid Tələblər”in müəyyən edilməsi patentin alınması barədə iddia sənədlərinin tərtib edilməsində müşahidə olunan problemlərin aradan qaldırılmasında və iddia sənədlərinin daha keyfiyyətli hazırlanmasında əhəmiyyətli rol oynayacaqdır. Xüsusən, sənəd ixtiranın və faydalı modelin düsturları, təsvirləri və referatları patentin alınması üçün iddia edilən hər bir obyektin spesifik xüsusiyyətləri nəzərə alınmaqla vahid tələblər əsasında hazırlanması, nəticədə ekspertiza zamanı ortaya çıxan və əlavə vaxt itkisinə səbəb olan halların, o cümlədən iddiaçı ilə dövlət orqanları arasında yarana biləcək anlaşılmazlıqların sayının minimuma endirilməsi üçün hüquqi əsas yaratmışdır. Tələblərə əsasən, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən qısa zaman ərzində patentin alınması üçün ərizə nümunəsi, onun doldurulması və təqdim edilməsi qaydası, eləcə də ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və xidməti tapşırıq müqaviləsinin nümunələri də müəyyən olunacaqdır. “İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası” isə qeydiyyatdan keçirilmiş ixtira, faydalı model və sənaye nümunələri barədə məlumatların dövlət reyestrinə daxil edilməsi, reyestrdə dəyişikliklərin aparılması və patentin dublikatının verilməsi ilə bağlı məsələləri tənzimləyir.