Milli Məclis niyə buraxılacaq? ŞƏRTLƏR VƏ SƏBƏBLƏR


Siyasət 29 Noy 2019 13:21:00 125 0

Milli Məclis niyə buraxılacaq?  ŞƏRTLƏR VƏ SƏBƏBLƏR

Azərbaycan Milli Məclisinin deputatları tərəfindən parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət qəbul edilməsi planlaşdırılır.

Əslində, Azərbaycan parlamentinin heyətinin dəyişilməsinə ciddi zərurət var idi və səbəb ölkə rəhbərliyinin yürütdüyü intensiv islahatlar siyasətinin doğurduğu tələblərə, çağdaş vəziyyətin yaratdığı çağırışlara Milli Məclisinin indiki heyətlə, sadəcə, qismən cavab verməsidir.

Son kadr islahatları, əslində, dövlət idarəetmə sistemindəki genişmiqyaslı, köklü islahatların bundan sonrakı mühüm mərhələsinin ərəfəsidir. İslahatlar həmçinin ölkənin imicinin yüksəldilməsinə də yönəlib. Çağdaş dünyada demokratiya və sivil cəmiyyət göstəricilərindən biri də hökumətdə və ümumiyyətlə, dövlətin idarə olunması sistemində yüksək peşəkarlıq səviyyəsinə malik kadrların fəal iştirakıdır. Bu insanlar müasir dünyagörüşünə və fəaliyyət modelinə malik olmalıdırlar.

Ölkədəki daxili siyasi stabillik də bilavasitə islahatların davamını diqtə edir. Artıq Azərbaycanda post-neft dövrü başlayıb. Son 2-3 ildə müşahidə olunan iqtisadi tendensiyalar, məsələn, dövlət büdcəsinə vergi daxilolmalarının strukturunda qeyri-neft-qaz sektorunun mütəmadi olaraq artması, regionlarda iqtisadi infrastrukturun genilşlənməsi, "kölgə" iqtisadiyyatının miqyasının azaldılması, şəffaflaşma proseslərinin sürətləndirilməsi və digər məqamlar ölkə iqtisadiyyatının artıq yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Təkcə bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə qeyri-neft sənayesində 15 faizdən çox artım qeydə alınıb ki, bu da çox yüksək nəticə kimi qiymətləndirilə bilər. Kənd təsərrüfatında da ciddi göstəricilər əldə edilib, iqtisadi artım 7 faizə çatıb.

Hələ 2018-ci ilin yanvarında Davosda Dünya İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" adlı interaktiv iclasında çıxışı zamanı Azərbaycan Prezidenti ölkədə reallaşdırılmasına başlanılan neft və qaz layihələrinin davam etdiriləcəyini, lakin əsas diqqətin məhz yüksək texnologiyaların tətbiqinə, innovativ sahələrin, sənaye və kənd təsərrüfatının inkişafına, sahibkarlığın möhkəmləndirilməsinə yönəldildiyini qeyd edib.

Təbii ki, hər bir islahatı həyata keçirən kadrlardır. Və qarşıya qoyulan hədəflərə yalnız yeni yanaşmalara uyğun, yeni təfəkkürə malik, müasir beynəlxalq trendlərin tətbiqini bacaran kadrlarla nail olmaq mümkündür. Son 2 ildə hökumətdə müşahidə olunan kadr islahatları bu sahədə ciddi dəyişiklərdən xəbər verir. Məhz yeni yanaşmaların tətbiqi, bir sıra hallarda mövcud olan məmur özbaşınalıqlarının aradan qaldırılması iqtisadi islahatların təkanverici qüvvəsi olmalıdır. Bu məqamlara son müşavirədə dövlət başçısı da diqqət çəkib, çox güclü siyasi iradənin ortaya qoyulduğunu, islahatların şəxsi maraqlara qurban verilməyəcəyini və görülən işlərə maneə yaradan insanlarla yolların ayrılacağını vurğulayıb. Bu isə o deməkdir ki, hər bir məmura etimad krediti onun gördüyü real işə görə artacaq.

Azərbaycan Prezidentinin son iki çıxışının əsas yekunu budur: uğurlarımız faktdır, lakin dayanmaq olmaz, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmalıyıq.

Ölkəmizdə kadr islahatları davam edir. Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir.

Yenidənqurmanın məcrasında duran əsas məqamlardan biri də ölkə parlamenti, Milli Məclisdir. Milli Məclisin indiki heyətində təmsil olunmuş bəzi millət vəkilləri məhz millətin vəkilləri olduğunu unutmuş, seçicilərlə görüşləri mütəmadi və vacib prosedur qismində realizə etmək əvəzinə, seçicilərindən, habelə ölkədəki siyasi-sosial proseslərdən çox uzaq düşüblər.

Bu da, təbii ki, seçicilərin haqlı narazılığına səbəb olub. Onlar, yəni ölkə vətəndaşları parlament seçkilərində səs verdikləri şəxsin təmsil olunduğu seçki dairəsində yaşayan insanların qayğıları ilə başdansovdu maraqlandığını dəfələrlə vurğulayıblar və bu açıqlamalar ən müxtəlif millət vəkilləri barədə səslənib.

Məhz bu səbəbdən Milli Məclisin indiki heyətinin buraxılması labüddür və iqtidarda olan Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının ötəngünkü iclasında irəli sürülən təşəbbüs də bir daha göstərdi ki, mövcud parlament ölkədə həyata keçirilən islahatlara cavab vermir, genişmiqyaslı islahatlar prosesi ilə ayaqlaşmaq gücündə və potensialında deyil.

Sadalanan şərtlərlə yanaşı, islahatlar konsepsiyasını qanunvericilik fəaliyyətinə üzvi sintez edə biləcək, yeni və mütərəqqi formatda çalışa biləcək qurumun formalaşdırılması zərurəti aktuallaşıb.

Azərbaycan islahatların, modernləşmənin, qüdrətlənmənin və inkişafın yeni və daha sürətli mərhələsinin astanasındadır. Parlamentin tərkibi yeniləndikdən sonra ölkə vətəndaşları üçün indikindən qat-qat artıq yüksək rifahın təmin olunacağını ehtimal etmək olar.

Azərbaycanda hakimiyyət maliyyə, bank, məhkəmə və s. sahələrdə köklü islahatların yekun mərhələsinə daxil olduğundan iqtidardakı Yeni Azərbaycan Partiyası çoxluq təşkil etdiyi Milli Məclisə yeni seçkilərlə bağlı təşəbbüs göstərməklə, əslində, islahatların sürətlənməsinə təkan vermiş oldu.

Bu, YAP-ın yüksək siyasi məsuliyyətindən irəli gələn qərar olmaqla yanaşı, partiyanın nüfuzunu daha da artıracaq addımdır. Çünki islahatlar, rifah üçün yeniliklər naminə qələbəsinin təsbitləndiyi parlament heyətindən imtina etmək ali siyasi mədəniyyət izharı olmaqla yanaşı, tarixi islahatlara və Prezidentə tam dəstəkdir.

Elçin Alıoğlu Son.az