25 ölkəni təmsil edən gənc beynəlxalq konfransda işğalçı Ermənistanı qınadı (FOTO)


Digərləri 29 Noy 2019 13:23:00 110 0

25 ölkəni təmsil edən gənc beynəlxalq konfransda işğalçı Ermənistanı qınadı (FOTO)

Dünən İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi, Tatarıstan hökuməti və Tatarıstan “Sələt” Gənclər Hərəkatının təşkilatçılığı ilə 5 gün ərzində Kazan şəhərində keçirilən 1-ci Beynəlxalq İƏT Modeli-Avrasiya Gənclik Konfransı öz işini bitirdi.

Bakı. Dünən İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi, Tatarıstan hökuməti və Tatarıstan “Sələt” Gənclər Hərəkatının təşkilatçılığı ilə 5 gün ərzində Kazan şəhərində keçirilən 1-ci Beynəlxalq İƏT Modeli-Avrasiya Gənclik Konfransı öz işini bitirdi. Konfransın açılış mərasimində çıxış edən Tatarıstanın Gənclər Nazirinin müavini Timur Süleymanov, İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev, Tatarıstanın Turizmin İnkişafı üzrə Mərkəzinin rəhbəri Dilbər Sadıxova, İƏT Gənclər Forumunun Baş direktoru Rəsul Ömərov, Bulqar İslam Akademiyasının rektoru Daniyar Abdurrəhmanov, “Sələt” Gənclər Hərəkatının başçısı Aygül Qabdrəhmanova, eləcə də Türkiyə və Özbəkistanın Tatarıstandakı baş konsulları tədbirin əhəmiyyətini qeyd edərək, gənclərin dünyada gedən qlobal proseslərlə bağlı daha yaxından maarifləndirilməsi və fəal rol oynamaları baxımından, bu cür tədbirlərin vacibliyini bildirdilər. 25 ölkəni təmsil edən 100-dən çox gənc liderin qatıldığı konfransda mədəniyyət, iqtisadiyyat və humanitar komitələrə bölünməklə, İƏT gündəliyində olan müxtəlif mövzular ətrafında fəal müzakirələr aparıldı. Konfransın son günü gənclərin qəbul etdiyi yekun qətnamələrdə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində Azərbaycan xalqına aid mədəni irs və mülkiyyətin vəhşicəsinə məhv edilməsi qınanmış və bu irsin qorunması üçün BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin işğalçı dövlət tərəfdən icra olunması tələb edilmişdir.