“Literaturnaya qazeta” Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabı haqqında resenziya dərc edib (FOTO)


Digərləri 28 Noy 2019 19:42:00 114 0

“Literaturnaya qazeta” Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabı haqqında resenziya dərc edib (FOTO)

Rusiyanın tanınmış alimi və ədəbiyyatşünası Konstantin Kedrov “Literaturnaya qazeta” nəşrində Xalq yazıçısı Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” əsəri haqqında “Sözün Xəzər ümmanı” adlı resenziya çap etdirib

Bakı. Rusiyanın tanınmış alimi və ədəbiyyatşünası Konstantin Kedrov “Literaturnaya qazeta” nəşrində Xalq yazıçısı Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” əsəri haqqında “Sözün Xəzər ümmanı” adlı resenziya çap etdirib. Həmin resenziyanı təqdim edirik. Sözün Xəzər ümmanı Kamal Abdulla. Введение в поэтику «Китаби-Дядя Коркуд. Заревой вариант. – M.: Художественная литература, 2018. Akademik Kamal Abdulla qədim epik əsər – “Kitabi-Dədə Qorqud” haqqında çox maraqlı bir monoqrafiya yazıb. Aydındır ki, mənə, 1989-cu ildə “Sovetski pisatel” nəşriyyatının çap etdirdiyi “Poetik kosmos” əsərinin müəllifinə, alimin eposun hələ də yaranmaqda olan dünyamız üçün əzəli başlanğıc olmuş kosmik partlayışın əks-sədasından başqa bir şey olmadığı barədə fikri çox yaxındır. İnkar etmək olmaz ki, möhtəşəm dastanlar kökləri ilə Frezerin, Freydin, Yunqun, Haydeqerin, M.Eliadenin və arxaik mədəniyyət qatlarının başqa tanınmış tədqiqatçılarının lap çoxdan aşkarlamış olduqları ilkin arxetipik qatlara gedib çıxır. Kamal Abdulla da diqqətinin bu vaxta kimi az öyrənilmiş mağara arxetipi üzərində cəmləyir. O, tamamilə haqlı olaraq, əks sədası Homerin “Odiseya”sından, dənizçi Sindbadın yetərincə öyrənilməmiş səyahətlərindən və “1001 gecə”dən gələn əlahiddə bir mağara sivilizasiyasından danışır. Ən əsası isə, alim öz ruhuna görə Monqolustandan İspaniyaya kimi bütün ibtidai xalqlar üçün doğma olan mağara təsvirlərində bir ümumilik görür. Belə olduqda mağaradan işığa çıxma məqamını xüsusi qeyd etmək vacibdir. Tədqiqatçı haqlı olaraq qeyd edir ki, Platonun mağara zülmətində yaşayan və günəş haqqında bilgiləri yaşadıqları məkanın divarlarında əks olunan kölgələrlə məhdudlaşan məşhur “mağara adamları” surəti Kosmosun və Xaosun, bir az sadə dillə desək, mədəni mifin, yaranış məqamını olduqca dəqiq əks etdirir. İşığı görmək arzusu ilə mağaranı tərk edən qəhrəman – həm Prometey, həm Orfey, həm Odissey və həm də, əlbəttə ki, Dədə Qorquddur. Gerçək işığı gördükdən sonra o, mağaraya qayıdır ki, insanları, sözün həqiqi mənasında maarifləndirsin. Qorqud təkcə maarifçi deyil, o, eyni zamanda, Prometey kimi allahlara qarşı üsyan edən və daşlaşmış inancları darmadağın edəndir. Onun “çıxan can geri gəlməz” koanı bu gün də ekzistensial olaraq cəsarətli səslənir. Monoqrafiyanın müəllifi Qorqudun XX əsrin ən cəsarətli fəlsəfi mühakimələrinə olan bu gözlənilməz yaxınlığını görür. Bəs bunda təəccüblü nə var? Əgər biz bu gün öz cihazlarımızla Kainatda 13 milyard il bundan əvvəl baş verənləri tuta biliriksə, onda niyə bəs ibtidai-mağara dövrünün şairi gələcəkdən gələn dalğavari titrəyişi hiss etməsin? Epos təkcə keçmiş haqqında deyil, həm də gələcək haqqındadır. Daha bir vacib müşahidə. Bizim məcaz saydığımız bir nəsnə müəllif-aşıq üçün real möcüzə idi. Müasir dilə tərcümə edirik: “Atlı atını mahmızladı və quş kimi divarı aşdı”. Əsl nüsxədə isə deyilir: “O, atı mahmızladı və quş oldu”. Və ya da, oğul anasına təskinlik verir: “Mən ölərəm, amma sənin mənim kimi cəsur bir oğlun doğulacaq”. Əsl nüsxədə isə belədir: “Mən öləcəyəm, sənin oğlun olacaq, o da mən olacaq”. Bu magiyanın incəliyi ondadır ki, qədim insanlar sözü gerçəkliyin işarəsi kimi deyil, gerçəkliyin özü kimi qəbul edirdilər. Bu məqamda müəllif dahi filosof Aleksey Losevlə lap yaxın mövqedə durur. Losev özünün Platonla və neoplatoniklərlə mübahisəyə həsr olunmuş çoxcildli əsərində vurğulayır ki, istənilən gerçəkliyin, istənilən şeyin əsasında Platonun təkid etdiyi kimi ideya, Aristotelin hesab etdiyi kimi eydos deyil, Ad durur. Afon müdriklərinin “Tanrı Ad deyil, amma Ad Tanrıdır” tezisi bəşəriyyətin qədim mədəniyyətinin mənbəyinə gedib çıxır. Buna görə də Qorqud, Adəmin də etdiyi kimi, ad qoyur. Nə qədər ki, insan qəhrəmanlıq etməyib, o, sanki, yoxdur, adsızdır. Və qəhrəman etməli olduğu qəhrəmanlığı etdikdən sonra ad yiyəsi olur.