Səfir: "Türkiyə Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün daha çox səy göstərilməsini istəyir"


Siyasət 28 Noy 2019 14:23:53 115 0

Səfir: "Türkiyə Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün daha çox səy göstərilməsini istəyir"

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün daha çox səy göstərilməsini istəyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, ATƏT Avropada təhlükəsizlik və sabitliyin təmin olunması üçün yaradılmış vacib beynəlxalq təşkilatdır:

"ATƏT-in vacib tapşırıqlarından biri Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bunun üçün daha çox səy göstərilməsini istəyirik".

Səfir təəssüflə qeyd edib ki, uzun illər keçməsinə baxmayaraq münaqişə hələlik həll olunmayıb:

"Problemin həlli üçün parametrlər məlumdur. BMT və ATƏT-in irəli sürdüyü parametrlər münaqişənin beynəlxalq hüquqa uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutur. Amma hələ də Azərbaycan əraziləri işğaldan azad edilməyib və ona görə də biz ATƏT-in bu istiqamətdə fəaliyyətini qənaətbəxş hesab etmirik. Amma hazırda biz münaqişənin həlli üçün vacib mexanizm olan ATƏT-i dəstəkləyirik və ümid edirik ki, ATƏT Minsk qrupunun həmsədrləri münaqişənin həlli yolunu tapacaq".