İranda öldürülənlərin meyitləri gizlədilir, dəfn mərasimlərinə icazə verilmir


Dünya 27 Noy 2019 20:54:00 137 0

İranda öldürülənlərin meyitləri gizlədilir, dəfn mərasimlərinə icazə verilmir

İran  hakimiyyəti yanacağın bahalanmasına etiraz edənlərə qarşı repressiv addımların miqyasını qəsdən gizlədir. Bunu "Human Rights Watch" (HRW) insan haqları təşkilatı yeni hesabatında deyir.

Son.az virtualaz-a istinadən xəbər verir ki, noyabrın 15-dən başlanan etirazlarda 140-dan artıq adamın öldürüldüyü, 7 minədək şəxsin saxlandığı xəbər verilir. Məlumatı insan haqları qrupları və iranlı deputat verib. Bəzi məlumatlara görə, öldürülənlərin sayı hətta 200-ü keçib.

HRW noyabrın 27-də "İran: Qəddar divantutmanın bilərəkdən ört-basdır olunması" adlı hesabat açıqlayıb. Təşkilat bildirir ki, etirazların yatırdılmasından iki həftəyədək vaxt keçir, ancaq rəsmi orqanlar hələ də iğtişaşlarla bağlı ölü sayını açıqlamayıblar.

Etirazlar hökumətin yanacağın qiymətini kəskin qaldırmasına qarşı başlanmışdı.Nyu-Yorkda mənzillənən təşkilat İran hökumətini "son etirazlarla bağlı ölü, həbs sayını açıqlamağa, iddia olunan pozuntuların müstəqil araşdırılmasına icazə verməyə" çağırır.

Hesabatda deyilir ki, hakimiyyət etirazlara nümayişçiləri "qiyamçılar" adlandırmaqla reaksiya verib, onları ölüm cəzasıyla hədələyib. "Sosial mediada yayılmış videoda aydın şəkildə təhlükəsizlik qüvvələrinin etirazçıları odlu silahla hədəfə aldığı görünür", hesabatda deyilir. Sosial mediada yayılan məlumatlara görə, "yaxınlarının cəsədlərini götürməsinə" qohumlara və ailə üzvlərinə icazə verilməyib, onların "dəfn mərasimlərini təşkil etməsi məhdudlaşdırılıb", -insan haqları təşkilatı bildirir.

 "İranda etirazların başlanmasından 12 gün keçir, ancaq hakimiyyət hələ də dəqiq ölü sayını açıqlamayıb, əvəzində saxlananları ölümlə hədələyib", - Human Rights Watch-un Yaxın Şərq üzrə direktoru Maykl Peyc  deyib.