"Həmin insanlar belə bu filmlərə ləzzətlə baxırlar"


Kriminal 27 Noy 2019 07:28:00 150 0

"Həmin insanlar belə bu filmlərə ləzzətlə baxırlar"

Rüfət Əsədov: Kino sektorunda ən böyük bədbəxtçiliyimiz ssenari qıtlığı ilə bağlıdır

Onun haqqında araşdırma etdikdə, beynəlxalq arenada ən prestijli festivallarda iştirakının, çəkdiyi filmlərin o festivallarda layiqli nominasiyalarda yer tutduğunun şahidi oluruq. Gün keçdikcə, uğurlarının sayı da çoxalır. Sonuncu olaraq, kinorejissor Rüfət Əsədova noyabrın 18-də Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən, STMEQİ Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təsis edilmiş Sergey Vaynşteyn adına "İlin adamı" mükafatı təqdim edilib. O, bu mükafata Azərbaycan-yəhudi münasibətlərinin inkişafına, dağ yəhudilərinin tarixinin və mədəniyyətinin qorunub saxlanılması və inkişafına görə layiq görülüb. Son.az bildirir ki, dağ yəhudiləri haqda 3 sənədli filmin - "Quba yəhudiləri", "Kənddə sonuncu yəhudi" və "Peyğəmbər Yereminin göz yaşları" müəllifi olan rejissor səfər sonrası "Kaspi"nin qonağı oldu. Bizimlə söhbətində səfər təəssüratları və ona uğur gətirən filmlərindən danışdı:    - Bu mükafat 2015-ci ildə Sergey Vaynşteyn adına STMEQİ Beynəlxalq Dağ Yəhudiləri Xeyriyyə Cəmiyyəti tərəfindən yaradılıb. Sergey Vaynşteyn Bakıda doğulub, uzun müddət Rusiyada yaşayıb, əslən yəhudi olub. Antropologiya elmi ilə maraqlanıb, dağ yəhudilərinin tarixini öyrənib. Gənc yaşlarında, 2015-ci ildə dünyasını dəyişib. O, bu Beynəlxalq Xeyriyyə Fondunda məsləhətçisi olaraq çalışıb. Cəmiyyətdə böyük nüfuz qazandığı üçün onun adına beynəlxalq mükafat təsis olunub. Bu mükafat dağ yəhudilərinin mədəniyyətinin qorunub saxlanması, inkişaf etdirilməsi, təbliğatında əməyi olan insanlara təqdim olunur.

- Sizin yaradıcılığınıza nəzər yetirdikdə, dağ yəhudilərinin, ümumiyyətlə yəhudi mövzusunun üstünlük təşkil etdiyinin şahidi oluruq. Niyə məhz yəhudilərin keçmiş irsini araşdırmağa başladınız?   - 17 yaşımdan müəyyən dövrə qədər Peterburqda yaşamışam. Oradakı çevrəm, ən əsası da müəllimlərimin 80 faizi yəhudilərdən ibarət idi. İlk sevgim, dostlarım yəhudilər olub. Onların düşüncə tərzləri mənim üçün maraqlı idi. Düşünürdüm ki, necə ola bilər ki, dünyada ən çox izlənilən filmlərin 20-25 faizi yəhudi əsilli rejissorların payına düşür? Rus mədəniyyətinin əsas keşikçiləri - alimlər, yazıçılar, mədəniyyət xadimləri yəhudi əsilli insanlar idi. 90-cı illərdə Bakıya döndükdən sonra amerikalılar Azərbaycanda müştərək olaraq bir neçə film çəkmək istədilər. Bizə "istədiyiniz mövzuya müraciət edə bilərsiniz" dedilər. Həmin gündən dağ yəhudiləri ilə bağlı film çəkməyə başladım. Əsrlərlə başqa bir mühitdə yaşamaq və özünü qoruyub saxlamağı bacarmağın özəlliklərini araşdırmağa başladım.    - Sizin dağ yəhudiləri ilə bağlı çəkdiyiniz "Kənddə sonuncu yəhudi" sənədli filminiz böyük əks-səda doğurdu. Bu filmin festival həyatı da uğurlu oldu.    - 20 ildən artıqdır ki, bu işlə məşğulam. Bu film San-Fransiskoda keçirilən festivallarda qalib oldu. 2000-ci ildə Vaşinqtonda konqresdə göstərildi. Beynəlxalq Yəhudi Konqresinə təqdim olundu, mükafatlara layiq görüldü. Filmin bir nüsxəsi onların həm kitabxanasında, həm də İsrail Film Fondunda saxlanılır. Sözügedən film təkcə Amerikada 40 dəfə göstərildi. Müxtəlif mükafatlara layiq görüldü.

- Bu filmin ideyası necə yarandı?   - Bir dəfə İsmayıllıda qonaq idim. Söhbət əsnasında mənə dedilər ki, yuxarıda yəhudi kəndi var, kənddə yaşayan yəhudilər oranı tərk edib, ancaq bir nəfər qalıb. O insan kəndin qəbiristanlığına qulluq edir. Səhər durub dağa qalxdım, ancaq həmin adamı tapa bilmədim. Qəbiristanlığın vəziyyəti pis idi. Əldə düzəlmiş məftillərlə hasarlanmış, köhnə qəbirlərlə əhatələnmişdi. Deməli, həmin 85 yaşlı adamın övladları Almaniyada, Amerikada, Rusiyada, İsraildə yaşayır, özü isə yaşadığı torpaqları tərk etməyib və burada qəbiristanlığı qoruyur. Onun haqqında danışılan hekayələri dinlədikdən sonra Amerikaya getdim. Orada prodüserlərlə mövzu ilə bağlı danışdım, onlar da yaxşı qarşıladılar. Bakıya döndükdən sonra qarşıma məqsəd qoydum və  gedib o insanı tapdım. Nəhayət ki, o məni qəbul etdi. O filmi dörd fəsildə - qış, yaz, yay və payızda çəkdim. İsmini isə "Kənddə sonuncu yəhudi" qoydum. Filmi Fuad Poladov səsləndirdi. Film məşhurlaşdıqdan sonra mənə bildirdilər ki, həmin kənddən çıxan insanlar yığışıb qəbiristanlığı təmir etdiriblər. Sonradan mən gedib həmin qəbiristanlığı görəndə inanmadım ki, bura həmin məkandır.    - Film həm festivalda mükafatlara layiq görüldü, həm də bir qəbiristanlığın bərpasına xidmət etmiş oldu.    - Nəinki qəbiristanlığın bərpasına səbəb, eyni zamanda filmin qəhrəmanın nəsli - övladları, nəvələri uzun illərdən sonra babaları ilə tanış oldu. "Kənddə sonuncu yəhudi" filmi İsraildə nümayiş olunanda həmin yaşlı kişinin İsraildə yaşayan qohum-əqrəbası, qardaşı, nəvələri gəlmişdilər. Onlar elə bilirdilər ki, filmdə bir dəfə atalarının şəklini göstərəcəklər. Ancaq gördülər ki, kino zalının qarşısında böyük plakatda atalarının şəkli var və bütün film o insandan bəhs edir.   - Reaksiyaları necə oldu?   - Oğlu məni bərk qucaqlayıb ağladı. Dedi ki, 8 ildir atamı görə bilmirəm. Oğlu ürəyindən açıq əməliyyat olunduğu üçün təyyarəyə minə bilmir.    - Rüfət bəy, bir çox beynəlxalq festivallarda iştirak etmisiniz. Ümumiyyətlə, beynəlxalq festivallar rejissorlara nə qazandırır?