"NATO və Rusiyanın danışıqların aparılması üçün məkan olaraq Azərbaycanı seçmələri qürurvericidir" Deputat


Siyasət 26 Noy 2019 19:11:00 117 0

"NATO və Rusiyanın danışıqların aparılması üçün məkan olaraq Azərbaycanı seçmələri qürurvericidir"  Deputat

Azərbaycan yalnız mühüm görüşlər kontekstində deyil, eyni zamanda digər qlobal məsələləri əhatə edən danışıqların aparılması istiqamətində ən mükəmməl və ənənəvi məkandır.

Son.az Trend-ə istinadən bildirir ki, açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç ilə görüşünü şərh edərkən deyib.

T.Rzayev bildirib ki, Bakının növbəti dəfə güc mərkəzlərinin görüşü üçün məkan seçilməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq və regiondakı nüfuzundan xəbər verir: "Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və ya digər hərbi alyansların üzvüdür. Bu halda əminliklə demək mümkündür ki, iki nəhəng hərbi struktur təmsilçilərinin danışıqlar məkanı olaraq növbəti dəfə də Azərbaycanı seçmələri dövlətimizə qarşı göstərilən inam və etimadın təcəssümüdür".

Milli Məclisin deputatı vurğulayıb ki, artıq Azərbaycandakı sabitlik dünya ölkələri üçün bir nümunəyə çevrilib. Ona görə də həm NATO, həm də Rusiya Azərbaycana etibar edir, danışıqların aparılması üçün də məkan olaraq əsasən Azərbaycanı seçirlər:

"Azərbaycan həm də ikitərəfli, üçtərəfli və çoxtərəfli görüşlər üçün mükəmməl siyasi arena kimi tanınır. Bunun başqa bir səbəbi Bakının dünya siyasətində sülhpərvərlik carçısı olmasıdır. Təsadüfi deyil ki, bu gün ölkəmizin Şərqlə Qərb arasında körpü rolunu oynaması barədə deyilən fikirlər həm məntiqi, həm də reallıq cəhətdən isbatlanıb. Ona görə də paytaxtımızın dialoq məkanı olaraq qəbul edilməsi bütövlükdə Azərbaycanın beynəlxalq imicinə stimul verir, nüfuzunu daha da artırır".

Millət vəkili bu görüşün Bakıda keçirilməsinin qürurverici oluğunu da qeyd edib:

"NATO rəsmisini qəbul edərkən ölkə Prezidenti İlham Əliyev vurğuladı ki, Birləşmiş Millətlər Təşkilatında demək olar iki yüz ölkə var və əməkdaşlığa, risklərin azalmasına, planetimizin daha təhlükəsiz olmasına gətirib çıxaran bu görüşlərin keçirilməsi yeri kimi Azərbaycan seçilməsi qürur verir".

Qeyd edək ki, Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç arasında görüş keçirilib.