Erməni faşizmi ağrıdan qıvrılır. Düşmən


Siyasət 26 Noy 2019 10:00:00 361 0

Erməni faşizmi ağrıdan qıvrılır. Düşmən

Düşmənimiz həmişəki kimi, faktlarla oyunbazlıq edir.

... İki il əvvəl, 2017-ci ilin noyabrın 19-da Rusiya Müdafiə Nazirliyinin rəsmi media orqanı olan "Zvezda" ("Zvezda") telekanalının "Proqnozı" ("Proqnozı"; tərcümədə "Proqnozlar"-red.) proqramının müəllifi və aparıcısı Veronika Kraşeninnikova Ermənistanın mövcud iqtidarını sərt tənqid edib və onların faşist idelologiyası ilə yaşadığını ifşa etmişdi.

O, rəsmi İrəvanın bir neçə gün sonra Avropa Birliyi ilə genişləndirilmiş tərəfdaşlıq haqqında sazişi imzalamaq istəyini Ukraynanın siyasi kursu ilə müqayisə edib.

Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü, Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi olan Ermənistanın indi də Avropa Birliyinə üzv olmağa hazırlaşdığını vurğulayan müəllif daha sonra bu ölkənin iqtidarının faşizmi dəstəklədiyini deyib:

"2016-cı ilin may ayında İrəvanda Qaregin Njdeyə (Arakel Ter-Arutunyan (1886-1955) -red.) abidə ucaldıldı. Bu, ermənilərin "Bandera"sıdır (Stepan Bandera (1909-1959) Ukraynanın milliyyətçi siyasətçisi olub - red.). Njde 1942-ci ilə III Reyxə Sovet Ermənistanının Almaniyanın koloniyasına çevrilməsi xahişi ilə müraciət edib. Məhz o "SS"in erməni legionunu yaradıb və erməni hərbi əsirləri arasında "Kim Almaniya uğrunda ölürsə, Ermənistan uğrunda ölür", - deyə təbliğat aparıb. Bu abidə Böyük Vətən Müharibəsi illərində cəbhədə mərdliklə vuruşan erməni xalqının xatirəsinə böyük təhqirdir. 106 erməni Sovet İttifaqı Qəhrəmanı olub. Lakin Njde onun nasional-konservatizm ideologiyası ilə hakim Respublika Partiyasının qəhrəmanıdır".

Sonra V.Kraşeninnikova Ermənistanın Respublika Partiyasının loqotipini nümunə göstərib. Onun sözlərinə görə, bu loqotip II Reyxin simvoluna bənzəyir: "Bu yaxınlarda mən Ermənistanın Respublika Partiyasının rəhbərliyi ilə görüşdüm. Mənim loqotip barədə sualıma, siz inanmazsız, amma partiyanın rəhbərlərindən biri təsdiq etdi ki, bəli, biz ari irqik. Görünür, biz Ermənistanın hakim dairələnin bəzi nümayəndələri barədə bəzi şeyləri bilmirik... "  

Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub.

Qaregin Ter-Harutyunyan Birinci Dünya Savaşında Osmanlı Türkiyəsinə qarşı vuruşub. 1920-ci ildən sonra isə bolşeviklərə qarşı döyüşən erməni yaraqlıların dəstələrindən birinə başçılıq edib. 1920-ci ildə "Muxtar Sünik Respublikası"nı elan edən və bu "respublika"nın başçısı olduğunu bildirən Q.Njde sonradan Dağlıq Qarabağa qaçıb və orada "Lernayastan Respublikası"nı yaratdığını demişdi.

Zəngəzurda azərbaycanlılara divan tutan, onlarla, yüzlərlə kənddə soydaşlarımıza qarşı əsl soyqırımlar törədən Q.Njde Ermənistanda sovet hakimiyyəti qurulandan sonra İrana, oradan da Bolqarıstana qaçmışdı.

1944-cü ilədək Sofiyada yaşamış Njde Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun Balkan bölməsinin rəhbəri idi.

1942-ci ildə nasistlərin təşəbbüsü və göstərişi ilə "Erməni Milli Şurası" ("Armenischen Nationalen Gremiums") yaradılmışdı. Berlin Universitetinin professoru, nasist və daşnak Artaşes Abbeqyanın başçılıq etdiyi şuranın sədr müavini Qaregin Njde idi.

Nasistlərin "general" rütbəsi verdikləri Q.Njde erməni hərbi əsirlərdən ibarət "Ermənistan legionu"nun yaradılmasında çox fəal iştirak etmişdi.

Həmin legion sonradan Şimali Qafqazda və Qərb cəbhəsində faşist ordusunun tərkibində vuruşmuşdu.

On minlərlə azərbaycanlının qatili Qaregin Njde həm də minlərlə yəhudinin cəlladı, İkinci Dünya Müharibəsi illərində nasistlərin törətdikləri məşum Holokostu bəyənən və təqdir edən manyakdı.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən söylədiyi həqiqətlər də qonşu, amma işğalçı ölkənin anormal idarəetmə ideologiyasının tarixi məsuliyyət daşımasının vurğulanması olmuşdu: "Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib".

Bu açıqlamadan sonra MDB məkanında Ermənistanda faşizm ideologiyasının rəsmiləşdirilməsi faktları əyan oldu, rəsmi İrəvan çox pis duruma düşdü.

Ermənistan rəhbərliyi və xüsusilə də mass-mediası həmin durumdan çıxmaq, Aşqabadda alınan zərbələri dezavuasiya etməyə can atır.

Rusiyanın "Eurasia Daily" resursunda srağagün dərc olunmuş "Azərbaycanlı tarixçi Hitlerin azərbaycanlı əlaltılarına bəraət qazandırır" başlıqlı məqalə də bəhs etdiyimiz qəbildən olan vurnuxmaların biridir.

Yazıda iddia olunur ki, sən demə, azərbaycanlı yazar, tarixçi və kulturoloq Aydın Əlizadə İkinci Dünya Müharibəsi illərində azərbaycanlıların alman faşistlərinə yardım etmələrindən, nasist ordularının tərkibində vuruşmalarından bəhs edib və onlara haqq qazandırıbmış.

"Eurasiya Daily" guya Aydın Əlizadəyə istinad edərək yazıb ki, İkinci Dünya Müharibəsi illərində Məmmədəmin Rəsulzadə, Cumhuriyyət dönəmində DİN başçısı olmuş Xəlil bəy Xasməmmədov, əks-kəşfiyyatın sədri olmuş Nağı Şeyxzamanlı 1941-ci ilin payızında "Qafqaz-müsəlman legionu"nun "Kaukasisch-Mohammedanische Legion" yaradılmasında, sonra da 1942-ci ilin iyulunda "Azərbaycan legionu"nun formalaşmasında aktiv iştirak ediblər.

Vermaxtın azərbaycanlılardan ibarət 804 saylı alayından da bəhs olunur. Həmin alayın komandiri sovet ordusunun sabiq mühəndis zabiti, mayor Əbdürrəhman Fətəlibəyli idi.

Müharibə başa çatandan sonra Misirə, oradan Türkiyəyə yollanan Fətəlibəyli sonda Almaniyaya yollanıb. "Azadlıq" radiostansiyasının Azərbaycan redaksiyasının baş redaktoru olmuş Ə.Fətəlibəyli 1954-cü ilin noyabrında yaşadığı Münhen şəhərində DTK agenti olan soydaşımız tərəfindən qətlə yetirilmişdi.

"Eurasia Daily", yəni aşkar ermənipərəst mövqeyi və daim Ermənistanın rəhbərliyi ilə siyasətçilərinin dediklərini biri qədər yüngül formada təkrarlayaraq Azərbaycanı düşmən görməsi ilə tanınan resurs "Azərbaycan legion"unun komandiri Əbdürrəhman Fətəlibəylidən bəhs edir.

"EA Daily" buyurur ki, sən demə, Ə.Fətəlibəyli və minlərlə azərbaycanlı faşist vermaxtının heyətində vuruşduqları üçün satqınlar, nasistlər, xəyanətkarlardır.

Niyə? Sən demə, Sovet Ordusu sıralarında zabit kimi qulluq edən Fətəlibəyli sonradan düşmən tərəfə keçib.

Başqa azərbaycanlılar kimi.

Çünki...

Bir tərəfdən baxanda həqiqət odur ki, bəli, Ə.Fətəlibəyli sovet ordusunun zabiti olub, əsir düşüb, sonra da nasist ordusunun formasını geyinib.

Lakin o və minlərlə azərbaycanlı "legioner" Vermaxtın, yəni nasist ordusunun, illah da ki, SS qüvvələrinin sıralarında dinc əhaliyə divan tutmayıblar, yəhudi soyqırımında fəal iştirak etməyiblər, vəhşiliklə məşğul olmayıblar.

Həqiqətin digər məqamısa budur ki, İkinci Dünya Müharibəsindən xeyli əvvəl, 1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətini bolşevik Rusiyası işğal etmişdi və cümhuriyyətimizin də insanları zorla, ölüm təhdidi ilə sonradan SSRİ adlandırılacaq ölkənin vətəndaşları olmuşdular.

Müsavatçılarsa buna boyun əymədilər, ta 1930-cu illərin sonlarınadək mübarizə apardılar.

Həbs olundular, işgəncələrə məruz qaldılar, sürgün edildilər, güllələndilər - amma əqidələrindən dönmədilər.2

Yəni əsl həqiqət odur ki, azərbaycanlıların əhəmiyyətli hissəsi bolşevik idarəetməsini, "Şura hökuməti"nqi qəbul etməyiblər və mübarizə aparıblar.

Sonra isə 1937-ci il gəldi, ucdantutma repressiyalar başlandı və hətta əsl kommunistlər belə, məhv olundular.

Belədirsə, nasist Almaniyasının ordusunun tərkibində SSRİ-yə qarşı vuruşan, legionun heyətində olan azərbaycanlı nədən, nə üçün xəyanətkar, faşist sayılmalıdır? Axı onlar bolşeviklərin işğal etdikləri ölkənin vətəndaşları idilər və əslində, beynəlxalq hüquqa görə, SSRİ-nin qoşunlarının tərkində vuruşmaq mükəlləfiyyətləri də yoxdur.

Məntiqə və beynəlxalq hüquqa görə, onlar işğalçılara, yəni bolşeviklərə qarşı vuruşmalı idilər.

Yəni absurd məntiqə görə, "Şura hökuməti"nə qarşı mübarizə aparan müsavatçı sovet qoşunlarının tərkibində nasistlərə qarşı vuruşlmalıydı?!

Tamın tamı olan həqiqət də var və o da budur ki, İkinci Dünya Müharibəsində yüz minlərlə azərbaycanlı alman faşizminə qarşı vuruşub. Onlarla soydaşımız Sovet İttifaqı Qəhrəmanı olub, alman işğalçılarına qarşı son damla qanadək döyüşüblər.

Bakı nefti olmadan SSRİ-nin nasizm üzərində qələbəsini isə, ümumiyyətlə, təsəvvür etmək mümkün deyil.

"EA Daily" daha sonra erməni qatili, manyakı və xəyanətkarı, faşistlərin buyruq qulu olmuş Qaregin Njde ilə Əbdürrəhman Fətəlibəylini bir tutmağa çalışıb.

Reallıq budur ki, Ə.Fətəlibəyli nasist cani olmayıb və bu, faktlara sübuta yetirilib. Nasistlərlə əməkdaşlıq etmiş insanların hamısı cinayətlər törətməyibllər. 1930-cu illərin əvvəllərində Adolf Hitlerlə danışıqlar aparan, sövdələşən və müzakirələrə qatılan, anlaşmalar imzalayan onlarla avropalı hökumət başçısı, dövlət və siyasət xadimi, siyasətçilər var. Hətta A.Hitler rejimi ilə əməkdaşlıq edən, amma cinayətkar sayılmayan yəhudilər də vardı.

Əbdürrəhman Fətəlibəyli də belə insanlardan idi.

O, əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmayıb, barəsində məhkəmə qərarı da yoxdur. Bu səbəbdən də günahsızlıq prezumpsiyasını nəzərə almalı olduğundan onu kimsə cinayətkar, nasist əlaltısı saya bilməz.

Faşist nökəri Qaregin Njdedən fərqli olaraq Əbdürrəhman Fətəlibəyli qaçıb gizlənməyib. Onun zərrə qədər suçu olsaydı, amerikalılar və ya ingilislər tərəfindən tutulub dərhal məsuliyyətə cəlb olunardı.

Əksinə, amerikalılar onu qəhrəman saydılar, "Azadlıq" radiosunda Azərbaycan dili xidmətinin yaradılmasını həvalə etdilər. Ə.Fətəlibəyli uzun illər həmin redaksiyaya başçılıq etmişdi.

Ə.Fətəlibəyli Almaniyada tam leqal, asudə yaşayırdı və kimsədən gizlənmirdi.

Qaregin Njde isə tutulub, məhkəməsi olub, xəyanətkar sayılıb. O, nasist cinayətkardır.

Bu səbəbdən də Q.Njde ilə Ə.Fətəlibəylini müqayisə etmək, soydaşımızı general Andrey Vlasovla, Pyotr Krasnovla bir tutmaq əsassızdır.

Çünki Fətəlibəyli heç bir suçu olmayan insan, adları çəkilənlərsə əsl nasist caniləri idilər.

Bakıda nasizmin köləsi və nökəri olanlara abidə qoyulmur - İrəvanda Njdenin abiədsi var.

Aydın Əlizadənin açıqlamaları isə rəsmi Bakı bir yana, çalışdığı Milli Elmlər Akademiyasının mövqelərini əks etdirmir.

Üstəlik, A.Əlizadə qalmaqallı açıqlamalar, birmənalı olmayan iddiaları ilə tanınır.

A.Əlizadənin özü Facebook səhifəsində açıqlama yayaraq "Eurasiya Daily"nin saxtakarlığa yol verdiyini, onun demədiklərini adına yazdığını bəyan edib.

Və ən nəhayət, ölkəmizdə "Azərbaycan legionu" ilə bağlı heç bir rəsmi anım tədbiri keçirilməyib və keçirilmir, bu strukturda olmuş adamlar qəhrəman kimi təqdim və təbliğ edilmir, məhkəmə reabilitasiyası ilə əfv olunmayıblar.

Ermənistanda tam tərsinədir: nasizm və faşizm ideologiyasının daşıyıcıları milli qəhrəman elan  olunub, onlar rəsmi tədbirlərlə anılır, onlara abidələr qoyulur.

Mənəviyyat, düşüncə və ideologiya fərqimiz də budur.

Elçin Alıoğlu Son.az