Dmitri Medvedev AZƏRTAC da daxil olmaqla MDB ölkələri xəbər agentliklərinin rəhbərləri ilə görüşüb FOTO


Siyasət 25 Noy 2019 20:38:00 439 0

Dmitri Medvedev AZƏRTAC da daxil olmaqla MDB ölkələri xəbər agentliklərinin rəhbərləri ilə görüşüb  FOTO

MDB ölkələri informasiya agentliklərinin rəhbərləri noyabrın 25-də Moskvada Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiyanın TASS Agentliyinin baş ofisində keçən görüş MDB Ölkələri İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXVII iclası çərçivəsində baş tutub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov da görüşdə iştirak edib.

Rusiya Hökumətinin sədri Dmitri Medvedev görüşdə qeyd edib ki, İnformşura MDB ölkələrini birləşdirir və vahid informasiya məkanı dövlətlər arasında əlaqələrin inkişafı üçün vacib amildir. "Sizin agentliklər arasında olan münasibətlər bir sıra təşkilati məsələləri həll etməyə imkan verir. Əsas məsələ informasiyanı operativ şəkildə almaq, ölkələrimizdə baş verən hadisələr barədə doğru-dürüst məlumat verməkdir", - deyə Dmitri Medvedev bildirib. Rusiya Hökumətinin sədri qeyd edib ki, insanların təhrif olunmuş məlumatlar alması bir çox anlaşılmazlıqların yaranmasına səbəb olur. O, həmçinin feyk xəbərlər məsələsinə toxunaraq dövlət agentlikləri kimi etibarlı xəbər mənbələrinin rolunun bu baxımdan müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.

Görüşdə Rusiyanın TASS Agentliyinin baş direktoru Sergey Mixaylov sözü AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova verərək gələn il AZƏRTAC-ın 100 yaşını qeyd edəcəyini bildirib. Aslan Aslanovun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri zamanı Prezident Vladimir Putin və Dmitri Medvedev ilə görüşlərinin nəticələri barədə verdiyi sualı cavablandıran Hökumətin sədri qeyd edib ki, görüşlərdə ikitərəfli əlaqələrin, demək olar, bütün aspektləri müzakirə edilib. Dmitri Medvedev danışıqların iqtisadiyyat, sosial və humanitar sahələri əhatə etdiyini və səfərin uğurlu olduğunu söyləyib. 

Rusiya Hökumətinin sədri Belarusun Belta Agentliyinin baş direktorunun sualını cavablandırdıqdan sonra görüş başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib.

Son.az