Bakıda həkim Lalə Sadayzadəni vurub öldürən sürücünün işi "Ümid edirəm ki, layiqli cəzasını alacaq”


Kriminal 25 Noy 2019 20:39:00 436 0

Bakıda həkim Lalə Sadayzadəni vurub öldürən sürücünün işi  "Ümid edirəm ki, layiqli cəzasını alacaq”

Paytaxtın Parlament prospektində piyada zolağında vurulan 28 yaşlı həkim Lalə Sadayzadənin ölümünə səbəb olan 18 yaşlı sürücü Sabir Talıblı ilə bağlı yaxın günlərdə apellyasiya şikayətinə baxılacaq.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, noyabrın 13-də Ali Məhkəmədə zərərçəkmiş tərəfin kasassiya şikayətinə və Baş Prokurorluğun protestinə baxılıb. Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, zərərçəkmiş tərəfin kassasiya şikayəti və Baş prokurorluğun protesti təmin edilib, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb.

Mərhumun anası Gülsüm İsmayılova virtualaz.org-a açıqlamasında Bakı Apellyasiya Məhkəməsinin ədalətli qərar çıxaracağına ümid bəslədiyini deyir:"İnanıram, ən azı Sabir Talıblıya 5 ildən artıq cəza veriləcək, yenidən məhkəmə zalından həbs olunacaq. Bir ana kimi barı bununla təsəlli taparam. Bilərəm ki,  övladımın qatili azadlıqda deyil, həbsdədir".

G.İsmayılova dəfələrlə əlaqədar qurumlara şikayət ünvanladığını, iki dəfə Prezident Adminstrasiyasında qəbulda olduğunu, hər dəfə hörmətlə qarşılandığını bildirib:"Mənə dedilər ki, bu işə ədalətlə baxılacaq, təqsirləndirilənə lazımi cəza veriləcək. İnanıram ki, belə də olacaq. Çünki Baş Prokurorluq da protest verib. Ümid edirəm ki, prokurorluğun protesi təmin olunacaq, Sabir layiqli cəzasını alacaq".

G.İsmayılova həmçinin avqustun 30-da Xaçmaz rayonunda Ali Məhkəmənin sədri Ramiz Rzayevin qəbulunda olduğunu deyib: "Aramızda barışıq olub-olmadığını soruşdu. Dedim ki, olmayıb. Narahat olmamağı və bu işi şəxsən özü nəzarət altında saxlayacağını söylədi".

Mərhumun anası apellyasiya məhkəməsini səbirsizliklə gözlədiyini deyir: "Dünən balamın toyunun ildönümü idi... Bu işə tez bir zamanda baxılmasını istəyirəm. Bu adam azadlıqda gəzdikcə mən hər gün ölürəm. Qızımın qatilinin tez bir zamanda həbsə göndərilməsini istəyirəm. Bir ana kimi yalvarıram, xahiş edirəm".