BDUnun 100 illiyinə həsr olunmuş Məzun Forumu keçirilib


Digərləri 25 Noy 2019 20:17:00 360 0

BDUnun 100 illiyinə həsr olunmuş Məzun Forumu keçirilib

Bu gün Bakı Konqress Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunmuş Məzun Forumu keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Universitetin rektoru Elçin Babayev bildirib ki, forumun əsas məqsədi "Universitet - Məzun" münasibətləri sistemində inteqrasiya proseslərinin inkişafı, Azərbaycanda təhsilin, elmin və milli mədəni dəyərlərin xaricdə tanıdılması, beynəlxalq təhsil və elmi əməkdaşlığın gücləndirilməsi, beynəlxalq karyera qurmaq üçün BDU daxilində mütərəqqi metodların formalaşdırılması və inkişafı üçün insan resurslarının inkişaf etdirilməsidir.

Onun sözlərinə görə, Məzun Forumu təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması üçün əlverişli platformadır.

E.Babayev bildirib ki, BDU-nun forum qarşısında duran əsas vəzifəsi müxtəlif ölkələrdən olan məzunlar arasında akademik, elmi, texnoloji və biznes sahələrində "Beynəlxalq Məzun Assosiasiyası" yaratmaqdır.

Rektor əlavə edib ki, 1919-cu ildə yaradılan Bakı Dövlət Universitetini ndiyədək 180 minə yaxın məzun bitirib.

E.Babayev bu forumda məzunların bir araya toplanmasından məmnunluğunu bildirib:"Hər kəsi forumda görməkdən şadıq. Çox istərdik ki, buradakı çıxışlar formal xarakter daşımasın. Məzunların bir araya toplaşması bir şansdır. Bu şansdan istifadə etməliyik. Onlar ali məktəbin inkişafına yardımçı olmalıdırlar".

ADA Universitetinin rektoru Hafiz Paşayev özünün universitet xatirələri barəsində söhbət açıb: "Ixtisas seçimi edərkən qocaman müəllimlərimdən birindən soruşdum ki, hansı ixtisası seçim. Mənə texniki elmlərə məşğul olmaq məsləhətini verdi. Mən fizika sahəsini seçdim. Həmin müəllimlər hələ də mənim gözümün qarşıdan getmirlər. Bizim hazırkı dövrümüzdə də ali və orta məktəblərdə müəllim nüfuzunun yüksəkliyi saxlanmalıdır, müəllimə hörmət çox olmalıdır".

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ötən il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili2nin elan edildiyini nəzərə çatdırıb.

O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə alitəhsilli milli kadrların hazırlanması, əhali arasında savadsızlığın aradan qaldırılması üçün əhəmiyyətli addımlar atılıb: "Sevindirici haldır ki, bir əsrlik yaşı olan BDU bu gün özünün müasir dövrünü yaşayır, dünya təhsil sisteminə uğurla inteqrasiya edir. Bu gün BDU-da çalışan professor -müəllim heyətinin çoxu bu təhsil müəssisəsinin məzunu olub. Eyni zamanda, digər ali məktəblərdəki professor-müəllim heyətinin sıralarında da BDU -nun məzunları üstün saya malikdirlər. Əminəm ki, BDU məzunları bundan sonra da Azərbaycanın inkişafına böyük töhfə verəcəklər".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri, Tarix fakültəsinin 1977-ci il məzunu Hicran Hüseynova təhsildə yeni çağırışların olmasını, ali məktəblərdə müasir dünyanın tələblərinə uyğun olaraq, yeni ixtisasların açılmasını vacib sayıb. H.Hüseynova Azərbaycanda texniki ixtisaslarda təhsil alan qızların sayının çoxalmasından da məmnunluğunu bildirib.