2020 AccessBank üçün mənfəət ilidir - MÜSAHİBƏ


Digərləri 25 Noy 2019 19:00:00 274 0

2020 AccessBank üçün mənfəət ilidir - MÜSAHİBƏ

Baxmayaraq ki, AccessBank üçüncü rübü zərərlə başa vurub, bankın əsas maliyyə göstəriciləri stabil artım nümayiş etdirir.

Bakı. Baxmayaraq ki, AccessBank üçüncü rübü zərərlə başa vurub, bankın əsas maliyyə göstəriciləri stabil artım nümayiş etdirir. Üstəlik, əmanətlərini AccessBank-a etibar edənlərin sayı günbəgün artır. Bankın menecmenti hesab edir ki, hər şey plan üzrə gedir. Hətta kredit portfelinin sağlamlaşdırılması templəri də bank rəhbərliyini sevindirir. Məhz bu məsələlər və digər planlar barədə AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina ilə söhbətləşdik: - Yevgeniya xanım, üçüncü rübə yekun vurarkən bank açıqladığı press-relizdə qeyd edib ki, əsas maliyyə göstəriciləri artım nümayiş etdirir. Bu artım tempi bankın rəhbərliyini qane edirmi? - Bu suala obyektiv cavab vermək üçün biz biznes planla və ötən ilin analoji dövrü ilə müqayisə aparmalıyıq. Biznes planla müqayisə aparsaq, bizim əməliyyat göstəricilərimiz proqnozlaşdırdığımız rəqəmlərdən xeyli yüksəkdir. Belə ki, depozit portfelinin həcmi planlaşdırıldığından 133 milyon manat, kredit portfeli isə 35 milyon manat çoxdur. Sırf maliyyə indikatorlarına nəzər salsaq və onları ötən ilin müvafiq dövrü ilə qarşılaşdırsaq görərik ki, faiz gəlirlərimiz 50% artaraq proqnozlaşdırılan rəqəmləri üstələyib. Ehtiyatın yaradılması üçün ayırmalara qədər əməliyyat mənfəəti ötən ilin göstəricisindən 2 dəfə çoxdur ki, bu da planlarımıza uyğundur. Buna əsaslanaraq deyə bilərəm ki, bankın əməliyyat fəaliyyətinin effektivliyi bizim gözlənti və planlarımıza uyğundur. - O zaman bankın zərərini nə ilə əsaslandıra bilərsiniz? - Heç kəs üçün sirr deyil ki, manatın devalvasiyası digər banklar kimi AccessBank-a da ciddi təsir etdi. Zərər də məhz bunun nəticəsində formalaşdı. Bankın müştərilərinin əksəriyyəti kiçik, orta və iri sahibkar və ya başqa sözlə, krediti dollarla götürənlər idi. Şübhəsiz ki, devalvasiyadan sonra onların bir çoxu kreditlərinin ödənişi zamanı çətinliklə üzləşdi. Müvafiq olaraq, bank kreditlər üzrə potensial itkilərlə bağlı ehtiyat yaratmaq məcburiyyətində idi və söhbət ciddi məbləğdən gedirdi. Həmin dövrdə bankda mövcud olan kapitalın hesabına bunu etmək real deyildi. Buna görə, beynəlxalq maliyyə institutlarından ibarət AccessBank-ın cari kreditorları öz kreditlərini kapitala konvertasiya etmək barədə qərar qəbul etdilər və bunun nəticəsində bankın nizamnamə kapitalı 120 milyon manat artdı. Bu qərar sayəsində kreditlər üzrə zəruri ehtiyatlar yaradıldı. Söhbət təxminən 90 milyon manatdan gedirdi və bu məbləğ bankın hesabatında fevral-aprel ayları ərzində kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlarda göstərildi. Məntiqlidir ki, 2019-cu il ərzində bank bu zərəri bağlaya bilməyəcək və prinsipcə, bu, bizim planlarımıza daxil olan məsələdir. Biznes plana əsasən, kapitallaşmanın baş tutduğu il ərzində bankın zərəri təxminən 100 milyon manat təşkil edəcək. Təkrar edim ki, maliyyə nəticələrinə təsir göstərən əsas amil kreditlər üzrə ehtiyatların yaradılmasıdır və inanırıq ki, həmin kreditlərin qaytarılması hesabına ehtiyatların həcmi də azalacaq. Biz həmin müştərilərlə aktiv və konstruktiv şəkildə işləyirik, borclar qaytarılır. Uzunmüddətli perspektivdə həmin vəsaitlər banka gəlir formasında geri dönəcək, lakin bu bir qədər zaman tələb edən prosesdir. Əlavə olaraq qeyd etmək istərdim ki, zəruri ehtiyatlar yaradıldığı üçün gələcəkdə kapitalımız üçün heç bir təhlükə yoxdur. AccessBank 2020-ci ildə birmənalı şəkildə mənfəətə çıxacaq. - Siz qeyd etdiniz ki, bankın menecmentinin proqnozları özünü doğruldur və hər şey plan üzrə gedir. İlin əvvəlində bu proqnozlar səhmdarlara həddən artıq optimistik görünmürdü? - Bankın bu dərəcədə ciddi kapitallaşması qərarı həqiqətən səhmdarlarımız üçün heç də asan deyildi. Lakin proqnozlar özünü doğruldur və buna bir neçə amil təsir edir. Birincisi, biznes aktiv şəkildə inkişaf edir. Etiraf edim ki, bu proses hətta proqnozlaşdırdığımızdan da sürətlə gedir. Digər tərəfdən, banka etimad günbəgün artır. Biz 2020-ci ilə böyük optimizmlə baxırıq. Bunun üçün 2019-cu il ərzində yaxşı fundament qurulub. Mən biznesin, risk menecmentin yenidən təşkil olunması, müştərilərə xidmət prosesinin və prosedurunun asanlaşdırılması, "back office" əməliyyatlarının mərkəzləşdirilməsi və digər bu kimi amilləri nəzərdə tuturam. Səhmdarlarımız sayəsində biz ilkin mərhələdə gəlirli olmayan, lakin 2020-2021-ci illərdə gəlir gətirəcək layihələrin həyata keçirilməsinə start verdik. - Qayıdaq kredit portfelinin sağlamlaşdırılmasına. Hazırda qeyri-işlək kreditlərin ümumi portfeldə payı nə qədərdir? - Bank daxilində biz iki portfeli nəzərdən keçiririk - "köhnə" və "böhrandan sonrakı". Gəlin, pozitivdən başlayaq. "Böhrandan sonrakı" portfeldə 30 gündən çox gecikmədə olan kreditlərin payı cəmi 0.3% təşkil edir. Başqa sözlə, söhbət kifayət qədər keyfiyyətli portfeldən gedir. "Köhnə", yəni devalvasiya nəticəsində zərər görmüş portfel isə elə bir mərhələdədir ki, pozitiv dinamikanın əldə olunması üçün intensiv iş tələb edir. Onu da qeyd etmək istərdim ki, ilin əvvəlinə qeyri-işlək (90 gündən çox gecikmədə olan) kreditlərin ümumi portfeldə payı 25% təşkil edirdi ki, o, tamamilə "köhnə" portfel hesabına formalaşmışdı. Plana əsasən, ilin sonuna bu göstərici 15%-ə enməlidir. Biz buna olduqca optimistik yanaşırıq. Yeri gəlmişkən, 2019-cu il bu mənada bir sıra pozitiv məqamlarla yadda qaldı ki, onlar daxili və kənar amillərlə əlaqəlidir. Kənar amillərdən söz açsaq, ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmana toxunmaq lazımdır. Məhz bunun nəticəsində bank ehtiyatlarının bir hissəsini bərpa edə, borcalanlar isə öz maddi durumunu yaxşılaşdıra bildi. Daxili amilə də toxunmaq istərdim. Belə ki, müştərilərlə sistemli iş və qərarların qəbulu zamanı çeviklik nəticəsində problemli kreditlərin qaytarılması prosesi gözləntilərimizi üstələdi. - Bəs bankın zərərlə işləməsi depozit axınına səbəb oldumu? - Əksinə, biz pozitiv dinamika müşahidə edirik. Maraqlı fakt ondan ibarətdir ki, bank hətta formal kapitallaşmayadək böyüməyə başladı. Üstəlik, həmin dövrdə Əmanətlərin Sığortalanması Fondu elan etdi ki, əmanətlərin tam sığortalanmasını bir il də uzadır. Bununla yanaşı, AccessBank-ın xidmət keyfiyyəti də öz rolunu oynadı. Zərərin 90%-i cari ilin birinci yarısında qeydə alınıb. Buna baxmayaraq, sonrakı 6 ay ərzində AccessBank-ın depozit portfeli böyüməyə davam etdi. Bu isə bir daha sübut edir ki, müştərilərimiz AccessBank-a tam etibar edir. - AccessBank özünü biznesin dostu kimi təqdim edir. Bununla yanaşı, bankın rəhbəri Anar Həsənov qeyd edib ki, AccessBank-ı maliyyə tərəfdaşı kimi seçən müştərilərin sayı durmadan artır. Maraqlıdır ki, bir müddət əvvəl hökumətin iqtisadi blokunun nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə prezident biznes kreditləşməsinin vacibliyini vurğuladı. Bu çağırış sizin planlarınıza və kredit portfelinin strukturuna təsir edəcəkmi?