Vitsespiker məcburi köçkünlər barədə: "Hüquqları, güzəştləri müəyyən etmişiksə, hər kəs bundan bərabər istifadə etməlidir"


Digərləri 25 Noy 2019 13:57:00 355 0

Vitsespiker məcburi köçkünlər barədə: "Hüquqları, güzəştləri müəyyən etmişiksə, hər kəs bundan bərabər istifadə etməlidir"

Milli Məclisin sədr müavini Bahar Muradova məcburi köçkünlərin statusu ilə bağlı narazılıq yaradan bəzi məsələləri qaldırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, B.Muradova, eyni zamanda bu məsələ ilə bağlı daha əvvəl çıxış edən deputat Elman Məmmədovun qaldırdığı problemlərə münasibət bildirib:

"İşğal altında olan rayonları təmsil edən deputatlarıq. Məcburi köçkünlərlə gündəlik ünsiyyətdə oluruq. Problemlər ölkə başçısının qayğısı ilə azalmaqdadır. Məcburi köçkün statusu ilə bağlı məsələlər var ki, özündən sonra bir sıra problemlər yaradır. Statusun bu və ya digər səbəbdən ləğv olunması, yaxud kimlərəsə şamil edilməməsi müəyyən problemlər yaradır. İnsanlar da zaman-zaman bu narazılıqlarını ifadə edirlər.

Hər vətəndaş qəbulunda onlarla belə şəxs bizə müraciət edir. Bununla da bir növ qapalı dairə yaranır. Onlar bizə, biz isə rayon icra hakimiyyətlərinə və "Qaçqınkom"a müraciət edirik. Onlar da bizə cavab məktubu yazırlar ki, filan nömrəli sərəncamın filan bəndinə görə bu problemləri həll etmək mümkün deyil.

Biz də özlüyümüzdə bu cavabı almaq üçün müraciət etmirik. Müraciət edirik ki, mövcud problemlər həll olunsun. Problemlər də həll olunmadıqca üst-üstə yığılır və insanların haqlı narazılığına səbəb olur. Son vaxtlar belə müraciətlərin sayı artıb.

Təhlilim nəticəsində məlum olub ki, bu problem təkcə Fizuli rayon ərazisində 12 min nəfərədək əhalini əhatə edir. Çünki Nazirlər Kabinetinin məlum sərəncamı ilə köçkün statusu alan şəxslər təminatlardan məhrum oldular. Müəyyən məntiqlə bu qərarı qəbul ediblər, hər kəs də bunu qəbul edə bilmir və anlaşılmır. Misal olaraq, daxili işlər orqanlarında, dövlət qulluğunda çalışan və hərbi xidmətdə olan soydaşlarımıza verilən müavinətlər dayandırılır. Həmçinin bu və ya digər güzəştlərdən istifadə edə bilmirlər.