TAP-ın test rejimdə istifadəyə veriləcəyi tarix açıqlanıb


İqtisadiyyat 25 Noy 2019 11:35:17 330 0

TAP-ın test rejimdə istifadəyə veriləcəyi tarix açıqlanıb

TAP artıq 2019-cu ilin dekabrında test rejimində işə başlayacaq, 2020-ci ildə isə boru kəmərinin kommersiya istismarı başlayacaq

Azərbaycan qazının Avropaya nəqlini təmin edən Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan hissəsinin tikintisi başa çatıb.

"Report" Yunanıstan KİV-inə istinadən xəbər verir ki, TAP artıq 2019-cu ilin dekabrında test rejimində işə başlayacaq.

Qeyd olunur ki, sınaq istifadə bir neçə ay çəkəcək, 2020-ci ildə isə boru kəmərinin kommersiya istismarı başlayacaq, yəni Yunanıstan və digər Avropa bazarları təbii qazla təchiz olunacaq.

“TAP gələn il Yunanıstan, İtaliya və Albaniyaya təbii qaz təchizatına başlayacaq. Daha sonra boru kəmərinin genişləndirilməsi ilə Balkan ölkələrinin əksəriyyəti də təbii qazla təmin ediləcək", - materialda deyilir.

Bundan əlavə, bu layihənin Yunanıstan üçün xüsusi geosiyasi və iqtisadi əhəmiyyəti vurğulanır.

"TAP həm Yunanıstan, həm də digər Avropa bazarlarına yeni bir qaz təchizatı mənbəyi əlavə etməklə ölkənin regional enerji mərkəzi kimi formalaşmasına töhfə verir. TAP-ın Yunanıstanın şimal hissəsi boyunca - Trakya və Makedoniyada inşası ölkə tarixindəki ən böyük xarici sərmayələrdən biri idi. Onun inşası 2016-cı ilin may ayında başlayıb və 1,5 milyard avrodan artıq vəsaitə başa gəlib", - Yunanıstan mətbuatı yazır.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə ilə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulacaq TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.

2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın 2020-ci ilin əvvəllərində nəql ediləcəyi gözlənilir.

TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.