Azərbaycan və Hindistanın iqtisadi əlaqələri turist səfərləri hesabına inkişaf edir


Digərləri 25 Noy 2019 10:47:39 379 0

Azərbaycan və Hindistanın iqtisadi əlaqələri turist səfərləri hesabına inkişaf edir

Azərbaycan və Hindistanın iqtisadi əlaqələri turist səfərləri hesabına inkişaf edir

Azərbaycan dünyanın 7-ci böyük iqtisadiyyatına malik ölkə ilə - Hindistanla iqtisadi əlaqələrini sürətlə inkişaf etdirir. İqtisadi yaxınlaşmada turizm sahəsində əməkdaşlıq, daha dəqiq desək, Hindistan vətəndaşlarının Azərbaycana sayı getdikcə artan turist səfərləri böyük rol oynayır. Bu və digər məsələlər noyabrın 21-də Bakıda keçirilmiş Azərbaycan - Hindistan biznes simpoziumunun əsas müzakirə mövzuları olub.

Bir ilə 40 mindən çox hindistanlı turist

Sözügedən tədbir Hindistan Sənaye Konfederasiyasının nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində baş tutub. Məqsəd hindistanlı sərmayədarlara Azərbaycandakı biznes mühiti ilə bağlı geniş məlumat vermək, onları ölkə iqtisadiyyatına pul qoymağa təşviq etmək və bu yolla iqtisadi əlaqələri inkişaf etdirməkdir.

Simpoziumda qeyd olunub ki, Hindistan inkişaf etmiş kənd təsərrüfatına, kimya, müdafiə və tikinti sənayesinə sahibdir. Hazırda bu ölkənin ixracının 5,5%-i Azərbaycanın payına düşür və bu baxımdan ölkəmiz 4-cü yerdədir. Təkcə bu ilin 9 ayında Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 929 milyon ABŞ dollarına çatıb. Bunun 104 milyon dolları ixracın, 824 milyon dolları isə idxalın dəyəri olub.

Bununla belə, iki ölkəni iqtisadi baxımdan bir-birinə bağlayan təkcə ticarət əlaqələri deyil. 2018-ci ildə Hindistandan Azərbaycana 40 mindən çox turist gəlib. Bu, 2017-ci ilə nisbətən 2,7 dəfə çoxdur. 2019-cu ilin yanvar-oktyabr aylarında isə ölkəmizə səfər edən hindistanlı turistlərin sayı illik müqayisədə 66,5% artaraq 51 min nəfərə çatıb.

“Müştərilərimiz Bakı ilə maraqlanır”

Simpoziumda iştirak edən Hindistanın "VMS Travels Tours LTD" şirkətinin icraçı direktoru Srini Rao “Report”a açıqlmasında bildirib ki, Azərbaycana gəlməkdə məqsədi iki ölkə arasında qarşılıqlı turist səfərlərinin təşkili ilə bağlı yeni imkanları araşdırmaqdır: “Azərbaycana səfər edən nümayəndə heyətinin tərkibində yer almaq çox xoşdur. Şirkətimiz ikitərəli turizm əlaqələrini inkişaf etdirilməsinə töhfə verə bilər”.

Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycanın turoperatorları ilə görüş keçirib: “Ümid edirəm ki, onlarla gələcəkdə B2B ortaqlığı yaranacaq və turizm əlaqələri daha da inkişaf edəcək. Hindistan Azərbaycan üçün böyük bazardır. Hər il təxminən 20 milyon hindistanlı dünyanı turist kimi gəzir. Bunun cəmi 0,2%-i ötən il Azərbaycana gəlib ki, bu da çox aşağı göstəricidir. Bu rəqəmi artırmaq mümkündür. Hazırda Azərbaycanla Hindistan arasında birbaşa aviareys yoxdur. Bu isə turizm əlaqələrində böyük boşluqdur. Ümid edirəm ki, birbaşa uçuşlar tezliklə reallaşacaq və iki ölkə arasında turizmin inkişafına xidmət edəcək”.

Ş.Rao həmçinin deyib ki, təmsil etdiyi turizm şirkətinin müştəriləri Azərbaycanla, xüsusuilə də paytaxt Bakı ilə çox maraqlanır: “Bakı son vaxtlar Hindistanda məşhurlaşıb. İnanıram ki, paytaxtınıza səfər edən hindistanlıların sayı sürətlə artacaq. Ümid edirəm ki, Azərbaycan bu imkandan istifadə edəcək və ölkənin turizm potensialını Hindistanda təşviq edəcək”.

“Hindistan bazarından səmərəli istifadə etmək lazımdır”

Azərbaycan Turizm Assosiasiyasn (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov da hesab edir ki, Hindistan bazarı Azərbaycan üçün önəmlidir. “İki ölkə arasında turizmin inkişafı ilə bağlı memarandumlar imzalanıb, lakin bununla kifayətlənmək olmaz. Turizm elə bir sahədir ki, burda kompleks şəkildə iş aparılmalıdır. Hindistanın nüfuzlu turizm şirkətləri ilə əlaqələr yaradılmalı, Azərbaycanda onlarla işləyəcək şirkətlər müəyyən edilməli, iki ölkə arasında birbaşa uçuşlar həyata keçirilməlidir. Hindistan bazarından səmərəli istifadə etmək lazımdır”.

Digər sahələrdə də əməkdaşlıq üçün potensial var

Bununla belə, Azərbaycanla Hindistanın turizmlə yanaşı iqtisadiyyatın digər sahələrində də əməkdaşlığı üçün potensial var. Məsələn iki ölkə birlikdə infrastuktur layihələri həyata keçirə bilər. Simpoziumda iştirak edən Hindistanın “Kalpataru Power Transmission LTD” şirkətinin baş direktoru Leena Joşi bildirib ki, rəhbərlik etdiyi kommersiya qurumu fəaliyyət göstərdiyi 30 il ərzində dünyanın 50-dən çox ölkəsində neft-qaz və dəmir yolu infrastukturu üçün işlər görüb və Azərbaycanı da siyahısına əlavə edə bilər: “Məsələn, “Azərbaycan Dəmir Yolları” QSC üçün dəmir yolu xətlərinin çəkilişi, elektrikləşdirilməsi, siqnalizasiya sistemlərinin quraşdırılması kimi işlər görə bilərik. Bu məqsədlə şirkətin nümayəndələri ilə görüşəcəyik”.

Hindistan şirkətləri əczaçılıq və kənd təsərrüfatı sahələrində də böyük təcrübəyə malikdirlər. Simpoziumda iki ölkənin birgə müəssisələr yaratması barədə təkliflər səslənib və dəstəklənib.

Tərəflər informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıqdan da az danışmayıblar. Məsələ ondadır ki, Hindistan bu sahədə əldə etdiyi nailiyyətlərlə dünyada məşhurdur. Azərbaycan isə daima Hindistanın bu təcrübəsindən istifadə etməklə bağlı istəyini ifadə edib.

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayevin sözlərinə görə, Hindistanın iki şirkəti Bakıda ofislərini açmaq istəyir. Bundan başqa, tərəflər 3-cü ölkələrin İKT bazarında iştirakla bağlı müzakirələr aparır.

“Hindistanın Banqlador vilayətində fəaliyyət göstərən şirkətlərlə İKT sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə edilir. Bununla yanaşı, AZPROMO-nun mütəxəsisləri ilə şirkətlərin nümayəndələri arasında görüşlər keçirilir və 3-cü ölkələrin bazarlarına iştirak edə biləcəyimiz ortaq nöqtələr axtarılır”, - deyə o, qeyd edib.