AİDi maşın vurdu,


Digərləri 25 Noy 2019 10:05:00 345 0

AİDi maşın vurdu,

Keçmiş "Host" qrupunun üzvü, məşhur repçi Orxan Zeynallı ağır qəza keçirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə repçi özü məlumat verib.

O.Zeynallı "Avion" adlı iti ilə bərabər axşam saatlarında piyada keçidindən keçərkən avtomobil tərəfindən vurulduğunu bildirib:

"Həftənin birinci günü, 18 noyabr tarixində, axşam saatlarında itim "Avion"la gəzintiyə çıxmışdıq. Bərk yağış yağırdı və artıq saat 9 idi deyə də qaranlıq çökmüşdü. Evdən bir qədər uzaqlaşdıqdan sonra məni piyada keçidində maşın vurdu. Zərbəni alan kimi huşumu itirərək, başı üstə yerə yıxıldım.

Ayılanda artıq təcili yardım maşınında xəstəxanaya aparılırdım. Yanımdakı həkim mənə olanları danışmağa çalışırdı, mən isə ümumiyyətlə, günün ardıcıllığını 3-4 saat sonra, artıq xəstəxanada olarkən tam yadıma sala bildim. Mənə deyildi ki, "sizi maşın vurub, itinizi isə polislər tapa bilmir".

Yoldaşıma da zəng edib olanları bildirdilər. Bir neçə dəqiqə sonra xəbər gəldi ki, "Avion" möcüzəvi şəkildə 3-4 maşın yolunu yağış altında, bir neçə yerindən qan axa-axa keçərək düz blokumuzum ağzına qədər gedib, dayanıb. Orda onu Ülviyyə tapıb evə qaldırıb. Maşının onu da vurub-vurmamasını hələ bilmirik, araşdırmağa çalışırıq".

Orxan qəza nəticəsində başından ağır kəllə-beyin travması aldığını dilə gətirib: 

"Mənə gəlincə isə qəza nəticəsində beyin silkələnməsi almışam və başımın arxa hissəsində bir neçə çat var. Həmçinin, başımda cüzi daxili qanaxma var. Yəni nə olubsa, başıma olub. Təbii ki, illərlə ölümcül xəstəliklərlə mübarizə aparanlar üçün bu danışılanlar sadə "soyuqdəymə" səviyyəsində bir şeydir. Elə mən özüm də məsələni şişirtmirəm. 1-2 həftəlik yataq rejimindən sonra yenə ayaqda olub normal həyata geri dönəcəm. Ülviyyənin qayğısı ilə lap 3 günə də qalxa bilərəm. Əsas olan odur ki, salamatam və "Avion" da evdədir".

Məşhur repçi başına gələn xoşaqəlməz hadisəni "Bu cür imtahanlar isə, səbəbsiz göndərilmir" yazaraq, fikirlərini bu cür davam etdirib:

"Yataq rejimi hər zaman düşünmək üçün əla fürsət sayılır. Elə bu bir neçə gündə bəzi şeyləri artıq dərk etmişəm. Məsələn, yanımda niyə məhz onun olmasını. Xəbər tutan kimi özümlə əlaqə saxlayan bütün dost-tanışa təşəkkür edirəm. Doğmalarınızın qədrini bilin".