Abşeron sakini qəbiristanlıqda bacısının boğazını kəsərək qətlə yetirib - RƏSMİ AÇIQLAMA


Sosial 25 Noy 2019 09:51:26 328 0

Abşeron sakini qəbiristanlıqda bacısının boğazını kəsərək qətlə yetirib - RƏSMİ AÇIQLAMA

Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanılıb.

Abşeron rayonunda qardaşın bacısının boğazını kəsərək qətlə yetirməsi ilə bağlı baş verən hadisə ilə əlaqədar cinayət işi başlanılıb.

Bu barədə “Report”a açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O bildirib ki, noyabrın 24-də saat 17 radələrində 1966-cı il təvəllüdlü Babək Fərzalıyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin Babək Fərzalıyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzalıyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən A.Fərzalıyevanı qəsdən öldürməsini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, A.Fərzalıyevanın azyaşlı körpəsi var.