Xoşbəxtlik formulu "təbəssüm" olan kardioloq Uğur hekayəsi FOTO


Digərləri 25 Noy 2019 01:30:00 338 0

Xoşbəxtlik formulu "təbəssüm" olan kardioloq  Uğur hekayəsi  FOTO

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Pozitiv düşüncəlidir və xoşbəxtlik formulu təbəssümdür. Deyir ki, insan nə qədər pozitiv enerji ötürərsə, həmin enerji bu və ya digər şəkildə özünə qayıdar. Müsahibimiz Almaniyanın məşhur Diaqoni klinikasında kardioloq kimi fəaliyyət göstərən Firudin Qurbanovdur.

Bildirək ki, F.Qurbanov 1986-cı ildə Gürcüstanda anadan olub. Orta təhsilini Sumqayıtda 39 nömrəli məktəbdə, bakalavr təhsilini isə 2004 -2010-cu illərdə Azərbaycan Tibb Universitetində alıb. Tələbəlik dövründə dünyanın 126 ölkəsində fəaliyyət göstərən tibb tələbələrinin qurumu olan "Azerbaijan Medical Student Association" təşkilatının ictimai əlaqələr şöbəsinin İdarə Heyətində çalışıb. Daha sonra Ankara, İstanbul, Madrid, Vyana, Manhaym şəhərlərində tələbə mübadilə proqramlarında iştirak edib. 2007-2015-ci il təhsil proqramı çərçivəsində diplomdan sonrakı tibb təhsilini davam etdirmək üçün Almaniya Köln Tibb Universitetinin Ürək Mərkəzinə qəbul olub və beləcə, 2011-ci ildən Almaniyadakı tibb həyatı başlayıb. 2014-2018-ci illərdə Ziqen Kreis klinikasında həkim assistent kimi işləyib. Hazırda isə Diaqoni klinikasının ürək mərkəzində yeganə azərbaycanlı həkim-kardioloq kimi çalışır.

- 14 yaşınızda həkim olmağa qərar veribsiniz. O yaşda belə bir qərar qəbul etməyinizə nə səbəb oldu?  

- Bu peşəsini seçməyimə öz xəstəliyim səbəb oldu. 14 yaşımda infeksion xəstəliyə yoluxdum və uzun müddət yanlış müalicə aldım. Vəziyyət o həddə çatdı ki, 3 ay məktəbə gedə bilmədim. Həmin dövrdə öz xəstəliyim və tibb haqqında düşünmək imkanım oldu. 3 ayın sonunda yaşlı bir həkim məni görən kimi düzgün diaqnozu qoydu və bir həftənin içində müalicə etdi. Məhz o həkim məndə bu sahəyə həvəs yaratdı. Bir növ onu özümə kumir kimi seçdim. 

- Bu seçimə valideynlərinizin münasibəti necə oldu?

- Açığı, əvvəllər qərarlarımda məni dəstəkləsələr də, şübhələri olduğunu bilirdim. Hətta, mən Almaniyaya gedənə qədər də şübhələri var idi. Avropada oxumağın müəyyən çətinlikləri olduğunu, bunun elə də asan olmayacağını deyirdilər. Amma artıq 9 ilə yaxındır ki, Avropada çalışıram və valideynlərimin məndən yana heç bir şübhəsi olmadığını bilirəm. 

- Bəzən həkim axtaranda məsləhət görürlər ki, filan həkimin yanına get çox savadlıdır, xaricdə oxuyub. Maraqlıdır, savadlı həkim olmaq üçün xaricdə təhsil şərtdir?

- (Gülür) Bu məsələyə bir az fərqli yanaşıram. Məsələn, Almaniyanı götürək. Almaniyaya gedənədək iki il ərzində Türkiyə, İspaniya və Avstriyada təcrübə keçdim. Amma təcrübə ilə real iş həyatı başqadır. Bunu iş həyatına daxil olmadan anlamaq mümkün deyil. Belə ki, Almaniyada bir xəstə üzərinizdə ağ xalatı gördüsə, artıq sizə sonsuz etimadı yaranır. Çünki bilir ki, siz o ağ xalatı geyinib onun qarşısına çıxanadək nə qədər əziyyət çəkmisiniz, yuxusuz gecələr keçirmisiniz, hansı imtahanları vermisiniz. Ona görə də Almaniyada həkimlərə etimad böyükdür. Təəssüf ki, Almaniya ilə müqayisədə bizdə hələ xəstələrin həkimlərimizə qarşı etimadları tam formalaşmayıb. Təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri mövcuddur. Düşünürəm ki, xaricdə təhsil ona görə şərtdir ki, ora getdiyin andan sənin oxuyub, savadlı həkim olmaqdan başqa heç bir şansın yoxdur. Xaricdə sadəcə bir çıxış yolu var: oxumaq, çalışmaq və inkişaf etmək.

- Qeyd etdiniz ki, Almaniyada ağ xalatı geyinən həkimə sonsuz etimad olur. Bu güvən Azərbaycandan gəlmiş gənc həkimə də eyni dərəcədə olur?

- Almaniyada səhiyyə sistemi elə qurulub ki, heç bir assistenti, həkimi yalnız buraxmırlar. Assistentə uzman, ona isə şöbə müdiri, şöbə müdirinə baş həkim nəzarət edir. Məsələn, mən gedən kimi birbaşa həkim kimi fəaliyyət göstərmədim. Həkim olanadək uzun bir mərhələdən keçdim. Azərbaycanda tibb təhsili almağımıza baxmayaraq, yenidən alman dilində tibbi oxuyub imtahan veririk. Alman vətəndaşları da bunu bilir və ona görə də hansı ölkədən gəldiyindən asılı olmayaraq, orada təhsil alıb, işləyən həkimə tam güvənirlər.

- Xaricdə yaşayıb, işləməyin əsas şərtlərindən biri də dil bilgisidir. Alman dilini necə öyrəndiniz?

- Almaniyaya getmək qərarına gəldikdən sonra alman dili kursuna yazıldım. Həftədə 5 gün 3 saat intensiv alman dili kurslarına qatıldım. İlk imtahanı burda keçdim. Növbəti mərhələdə Alman Akademik Tələbə Dəyişimi qurumu var idi, oranın dəstəyi ilə Kölndə də dil kursunda iştirak edib yekun dil diplomu aldıqdan sonra tibb sahəsində fəaliyyətə başladım.

- 9 ildir ki, Almaniyada işləyirsiniz. Orada həkim olmağın çətinlikləri nələrdir?

- İlk olaraq vətənindən, dilindən, dostlarından, ailəndən, sevdiklərindən uzaq olmaq çox çətindir. Bundan başqa, tamam fərqli mühitdə, fərqli düşüncəli, hər işi çox ciddiyə alıb, titizliklə yanaşan insanlarla işləyirsən. Uzun müddətdir orada olmağıma baxmayaraq, hələ də almanlara aid yeni nələrsə öyrənirəm və təəccüblənirəm. Hansısa mövzuda irad bildirəndə belə, çox ehtiyatlı davranırlar. İşimizin çətinliyinə gəlincə isə, Almaniyada tibbi sığorta sistemi tətbiq edilir deyə, nə isə oldu-olmadı insanlar səhhətləri ilə bağlı ən xırda məsələlərdə həkimə müraciət edirlər. Elə vaxt olur ki, bir ayda ən azı 7-8 dəfə gecə növbəsində oluram. Bu sahədə təcrübən artdıqca da səni daha məsuliyyətli işlərə yönəldirlər və istər-istəməz stressli iş rejimi olur.

- Bəzən deyirlər ki, xəstəyə xəstəliyi haqqında deməzdən əvvəl bunu yaxınları ilə bölüşüb, sonra özünə məlumat vermək lazımdır. Bəs, Almaniyada necədir?

- Almaniyada bunun tam tərsidir. 2011-ci ildə Manhaym klinikasında olarkən yoğun bağırsaq xərçəngi diaqnozu qoyulan xəstə var idi. Həmin şəxsə xəstəliyi ilə bağlı məlumat verəndə, normal qarşılayaraq bildirdi ki, bunu yaxınlarına deməyək. Azərbaycandan fərqli olaraq Almaniyada bunu birbaşa olaraq xəstəyə deməyə məcbursan.

- Həkimlik təcrübənizdə yadda qalan xəstəniz və ya hansısa hadisə olubmu?