Peyğəmbərimizin (s) yetim qalmasının hikməti nədir?


Digərləri 24 Noy 2019 21:20:00 271 0

Peyğəmbərimizin (s) yetim qalmasının hikməti nədir?

Əgər Peyğəmbərin (s) həyatına nəzər salsaq, ilk diqqətimizi cəlb edən şey Həzrətin (s) körpə ikən yetim qalması olar. O zaman ki, Aminə xanım ona hamilə qalır, atası Abdullah dünyasını dəyişir. Anası Aminə isə Həzrətin (s) 5-6 yaşı olan zaman vəfat edir. Beləliklə, Peyğəmbərin (s) nə atası olur, nə də anası.

İnsan üçün valideynlərini itirmək və yetim qalmaq çox ağır bir müsibət olmasına baxmayaraq, Həzrətin (s) uca ruhu bu hadisələrə tab gətirir.

İmam Sadiqə (ə) sual verirlər ki, niyə Peyğəmbər (s) yetim qalmışdır. Həzrət (s) buyurur: "Allah Təala Peyğəmbərini yetim etdi ki, heç kəsə itaət etmək boynunda olmasın".

İmam Rza (ə) buyurur: "Peyğəmbərin (s) yetim qalması ona görə idi ki, heç bir məxluqun haqqı onun boynunda olmasın".

Valideynlərini itirən Həzrəti (s) əvvəl babası Əbdülmüttəlib, sonra isə əmisi Əbutalib himayə edir. Onlar bacardıqları qədər Həzrətə (s) sevgi və məhəbbət göstərirdilər. Ancaq təbii ki, hətta bu cür məhəbbət də valideynlərin sevgisinin yerini verə bilməz.

Allah Təala Quranda buyurur ki, Peyğəmbər (s) yetim qalandan sonra onun qəyyumu Uca Allahın Özü olmuşdur. "Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?)". ("Zuha" 6).

Bəli, Peyğəmbərin (s) tərbiyəçisi Allah olmuşdur. Həzrətdən (s) gələn hədisdə oxuyuruq ki, buyurur: "Allahım mənim tərbiyəmi Öz öhdəsinə götürmüş və məni gözəl tərbiyə etmişdir".