Besətdən əvvəl Həzrət Muhəmmədin dini nə idi?


Digərləri 24 Noy 2019 20:55:00 307 0

Besətdən əvvəl Həzrət Muhəmmədin dini nə idi?

Əbul-fəda yazır: "Peyğəmbərin (s) adəti belə idi ki, ildə bir dəfə Həra dağına qalxardı və orada ibadətlə məşğul olardı".

İmam Sadiq (ə) buyurur: "Allahın Peyğəmbəri (s) Mədinəyə gələndən sonra bir dəfədən başqa həccə getmədi. Amma Məkkədə olan zaman qohumları ilə bir neçə dəfə həcci yerinə yetirmişdi".

Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: "Həzrət Muhəmməd (s) 40 yaşında namaz qılırdı".

Əmisi Əbutalib Həzrətin (s) uşaqlıq dövrü barəsində deyir: "Həmişə yeməyə başlamazdan əvvəl "Bismilləh" deyər və qurtarandan sonra "Əlhəmdulilləh" deyərdi".

Bu deyilənlərdən belə qənaətə gəlmək olur ki, besətdən əvvəl ibadət adlı mərasim keçirərdilər və namaz qılardılar. Həzrət (s) ildə bir dəfə Həra dağında etikaf edər və həcci yerinə yetirərdi. Kəbəni təvaf edər, yemək yeyən zaman "Bismilləh" deyərdi. Ona görə də deyə bilərik ki, Peyğəmbərimiz (s) hər zaman ibadət əhli olmuşdur.

Hədislərdən belə qənaətə gəlmək olur ki, peyğəmbərlər (ə) pak məxluqlardırlar. Onlar hər cür şirkdən, küfrdən uzaq olmuş və məsum olmuşdular. İslam Peyğəmbəri (s) də məsum olduğu üçün besətdən əvvəl belə dindar olmuşdur. Çünki şirk və küfr onun məsumluğu ilə bir yerə sığmır.

Qurani-Kərim Həzrət (s) haqqında buyurur: "Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s)) nə (əməldə səadət) yolundan çıxıb və nə də (əqidəsində haqdan) azıb". ("Nəcm" 2).