Bakı toyxanalarında daha kabab verilməyəcək? FOTO


Digərləri 24 Noy 2019 12:39:00 371 0

Bakı toyxanalarında daha kabab verilməyəcək?  FOTO

Ötən həftə İctimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçirilib. 

Son.az bildirir ki, nazirlikdən virtualaz.org-a verilən məlumata görə, monitorinqlər zamanı paytaxtın Binəqədi, Nizami, Xətai və Sabunçu rayonlarında fəaliyyət göstərən "Amor", "Mələk Palace", "Grace Hall", "Ayla", "Monte Karlo", "Madonna", "Al saray", "Səbinə", "Həyat Hall" və "Piano" şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub. Adıçəkilən obyekt sahibləri barəsində protokollar tərtib edilib və obyektlərdəki manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılıb. Qərarın icrasının təmin olunması məqsədi ilə sənədlər icra və probasiya şöbələrinə göndərilib. 

Axı kababsız nə toyxana, nə toy?

Bəs şadlıq sarayları böyük məbləğdə xərc çəkib aldıqları filtrləri niyə vaxtaşırı təmizləmirlər? Manqal olmadan şadlıq sarayları və restoranlarda toy məclislərinin əsas yeməyi olan kababı harada bişirəcəklər? Yoxsa kabab ümumiyyətlə, menyudan çıxarılacaq? Bu suallara aydınlıq gətirmək üçün manqala məhdudiyyət qoyulan şadlıq saraylarının bir neçəsinə zəng etdik. Maraqlıdır ki, əlaqə saxladığımız şadlıq saraylarından isə nazirlik tərəfindən heç bir yoxlama aparılmadığını iddia etdilər. Onların sözlərinə görə, filtrlər vaxtlı-vaxtında təmizlənir.

"Amor" şadlıq sarayının inzibatçısı  Ruslan Hüseynovun sözlərinə görə,  manqal qadağasından noyabrın 19-u xəbər tutublar. Həmin gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki əməkdaşı şadlıq sarayına gələrək manqalın bağlanmalı olduğunu bildirib. 

"Bundan sonra kababı restoranın həyətində bişirəcəyik..."

"Bizə dedilər ki, sizdə havanın təmizlənməsi normaya uyğun deyil. Guya, noyabrın 7-də üç əməkdaş gəlib bizdə yoxlama aparıblar. Axı mənim və ya restoranın digər məsul şəxslərinin iştirakı olmadan necə yoxlama aparıla bilər? Həmin yoxlama aparanlardan birinin nömrəsini alıb zəng etdim, dedi ki, biz kənardan müşahidə eləmişik, içəri girməmişik. Axı bu düzgün deyil, nazirliyin gözü tərəzidir ki? Bizim şadlıq sarayında filtrlər 14 gündən bir təmizlənir. Digər tərəfdən, əgər həqiqətən də, bizdə filtr təmizlənməyibsə, niyə 12 gün gözləyiblər? Niyə dərhal tədbir görülməyib?", - inzibatçı deyib.

"Monte Karlo" şadlıq sarayının başinzibatçısı Babək Bayramov isə ironiya ilə bundan sonra kababı restoranın həyətində bişirəcəklərini deyir: "Keçən il Nizami Rayon İcra Hakimiyyətində iclas oldu və orada bizə bildirdilər ki, tüstünün təmizlənməsi üçün qurğu almalıyıq. ETSN-nin sertifikatı olan 17 min 600 manatlıq cihaz almışıq. İndi də deyirlər ki, həmin cihazı dəyişməlisiniz, elektriklə işləyən cihaz alın. Axı niyə cihazı dəyişməliyik ki? Bütün şadlıq sarayları bizim kimi işləyir, ölkədə cəmi 3 şadlıq sarayında elektriklə işləyən qurğu var. Belə çıxır ki, bundan sonra kababı restoranın həyətində bişirəcəyik..."

Hardan biliblər ki, filtr təmizlənmir?

"Pioano" şadlıq sarayından da filtrin vaxtlı-vaxtında təmizləndiyini dedilər: "Bizim şadlıq sarayında heç kim yoxlama aparmayıb. Təzəlikcə filtri təmizləmişik, haradan belə qənaətə gəliblər ki, biz filtri təmizləmirik?", - administrator Ruslan Əkbərov deyib.

"Madonna" şadlıq sarayından da eyni cavabı aldıq. Restoranın administratoru Rüfət Babayev virtualaz.org-a bildirdi ki, filtr vaxtlı-vaxtında təmizlənir: "30 min manat civarında pul verib təmizləyici qurğu almışıq, necə ola bilər ki, ona biganə qalaq, təmizləməyək? Biz filtri vaxtaşırı 3 manat pul verib moykada yudurduruq".

İnzibatçı deyib ki, şadlıq sarayına ümumiyyətlə, gəlib yoxlama aparan olmayıb: "ATƏT də cəbhədə monitorinq keçirəndə, bizdən nümayəndə iştirak edir. Necə olur ki, bizim şadlıq sarayında yoxlama aparılır, bizim xəbərimiz olmur? Biz bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazacağıq. Nazirliyi də məhkəməyə verəcəyik", - R.Babayev deyib.

ETSN rəsmisi: "Ətrafa iy, tüstü yayılır, insanlar narazı qalır"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova virtualaz.org-a şadlıq saraylarının inzibatçıları tərəfindən səsləndirilən iddialarla cavab verib: " Bu, aparılan monitorinqlərin nəticəsidir. Kimin iradı varsa,  məhkəməyə müraciət etsin,  nazirliyə də müraciət edə bilərlər. Bu onların qanuni haqqıdır və biz də hər kəsə maksimum dərəcədə açığıq, iradları dinləməyə hazırıq. Amma onu da xüsusi olaraq vurğulayıram ki, görülən tədbirlər  aparılan monitorinqlərin nəticəsi əsasındadır.  Monitorinqlər  təsdiqləyir ki,  obyektlər təmizləyici qurğunun əsas hissəsi olan filtrlərin vaxtaşırı  təmizlənməsini, dəyişdirilməsini təmin etmədiklərindən  ətraf ərazilərə  yenə də  iy, tüstü  yayılır ki, bu da insanların haqlı narazılğına və bizə müraciətinə səbəb olur." 

"İçəri girməyə ehtiyac yoxdur, çünki tüstü havaya buraxılır..."