Çaylarda suyun səviyyəsində artım müşahidə olunub


Digərləri 24 Noy 2019 10:55:00 318 0

Çaylarda suyun səviyyəsində artım müşahidə olunub

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 30-120 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 60-150 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, noyabrın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 56 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 208 m3/s olmaqla, ongünlük normanın 112 faizini təşkil edir.

Noyabrın 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 41 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 51 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 103 m3/s təşkil etməklə ongünlük normanın 127 faizini təşkil edir.