Tətildə şagirdləri tapşırıqla yükləməyin FƏSADLARI AÇIQLAMA


Digərləri 23 Noy 2019 16:36:00 241 0

Tətildə şagirdləri tapşırıqla yükləməyin FƏSADLARI  AÇIQLAMA

Bu gündən orta məktəblərdə payız tətili başlayıb. Şənbə və bazar günləri ilə birlikdə 5 gün davam edəcək tətil günlərində müəllimlərin uşaqlara həddən artıq ev tapşırıqları verməsi valideynlərin narazılığına səbəb olur. Əslində, bir neçə günlük tətil müddətində şagirdlərin dərslə məşğul olması düzgündürmü?

Son.az bildirir ki, uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimovun Lent.az -a dediyinə görə, məktəblərdə uşaqlara dərs yükü onsuz da həddindən artıq çox verilir: "Tətil müddətinə gəlincə, hesab edirəm ki, tapşırıq az həcmdə verilməlidir. Elə olmalıdır ki, uşaqlar bütün günü oturub dərslə məşğul olmaq məcburiyyətində qalmasınlar. Tətil müddətində tapşırıq çox cüzi olmalıdır ki, həm yaxşı mənimsəmə getsin, həm də istirahət edə bilsinlər. Şagirdlərin həddən artıq yüklənməsi hazırkı tədris sisteminin çox böyük bəlasıdır. Əslində uşaq öyrəndiyi dərslərlə bağlı sərbəst işləməyə vərdiş etməlidir, yəni tapşırıq olmalıdır. Amma eyni şeyi həddən artıq təkrar etmək yorucu olur".

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, şagirdlərin sağlam həyat tərzi və asudə vaxtlarının səmərəli təşkili təlim-tərbiyə sisteminin prioritet istiqamətlərindən biridir: "Tətilin, istirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi-nəzərindən böyük məna kəsb edir. Hər bir məktəb, ailə uşaqların tətil, istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünəməxsus yeri var. Tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval-ruhiyyə yaradır. Uşaqlar bir-biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər. Təəssüf ki, bir çox ailə uşaqların istirahət və asudə vaxtlarının təşkil olunmasına bir o qədər də əhəmiyyət vermirlər. Hətta elə ailələr də var ki, övladını istirahət üçün maraqlı yerlərə, müxtəlif ölkələrə aparsa da, uşaq daxilən bundan zövq almır. Səyahətlər onu sevindirmir. Deməli, burada ilk növbədə uşağın maraqları, psixologiyası, daxili aləmi nəzərə alınmalı, hər bir valideyn öz uşağı üçün nəyin daha maraqlı olduğunu bilməlidir".