Uşaqları kitablarla hansı yaşda tanış edək?


Digərləri 23 Noy 2019 16:24:00 300 0

Uşaqları kitablarla hansı yaşda tanış edək?

Kitab oxumaq, mütaliə etmək hər bir yaşda olan insan üçün faydalıdır. Bu vərdişə yiyələnmələri üçün isə uşaqlar kitablarla aşağı yaşlarından tanış olmalıdır. Əslində uşaqları neçə yaşından kitablarla tanış etmək lazımdır və onlara daha çox nə cür kitablar təqdim olunmalıdır?

Son.az bildirir ki, uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimovun Lent.az-a dediyinə görə, uşaq hələ ana bətnində olanda onunla ünsiyyət yaratmaq, danışmaq lazımdır: "Ananın yaşadığı hiss və emosiyaları uşaq hiss edir. Prenetal dövrdə körpə bütün duyğuları ana ilə birgə yaşayır. Buna görə də psixoloqlar hamiləlikdə qadınların müsbət emosiyaların yaşamasını, gözəl əsərlər oxumasını və dinləməsini, eyni zamanda müsbət psixoloji şəraitdə olmasını məsləhət görürlər.

Uşağın kitabla və ya kağızla, karandaşla tanışlığı adətən onun oturmağa başladığı və bir qədər hərəkət sərbəstliyi qazandığı dövrdən başlayır və bu əşyalarla manipulyasiya edir. Kitabla uşağı tanış etməyi bir qədər daha tez başlamaq olar. Belə ki, uşaq qığıldamağa başladığı və ilk diftonqlu səslər çıxarmağa başladığı zamandan onunla ünsiyyəti daha intensiv yaratmaqdan ötrü ona kiçik şəkilli, kartondan olan kitablar oxumağa başlamağı məsləhət görürəm. Onun sizin kitab oxuduğunuz müddətdə səslər çıxardığının şahidi olacaqsız. O bu zaman qığıldayır, ilk hecalarını səsləndirərək ünsiyyətə cəhd edir".

Psixoloq bildirib ki, 6 aydan başlayaraq rəngli şəkilləri olan, bir neçə cümlədən ibarət kitabları alaraq körpəyə oxumaq və sonradan kitabı onun ixtiyarına vermək lazımdır ki, kitabla tanışlığını daha intensiv həyata keçirsin: "O, kitabdakı şəkillərə baxır, rənglərə, şəkillərə barmağı ilə toxunur, kitabı fırladır, ağzına salır. Buna görə də kitabın kartondan və keyfiyyətli olmasına diqqət yetirilməlidir. 6 aydan bir yaşa qədər uşaq kitabına verilən tələblərdən onun möhkəm kartondan olması, çəkisinin və ölçüsünün uşağın götürə bilməsinə şərait yaratması, qara və ağ rəngdən başqa göy, sarı, qırmızı və yaşıl rənglərdən ibarət şəkillərin və bunların realist olması, orda təsvir olunan predmetlərin öz rənginə uyğun verilməsini, uşağı maraqlandıracaq və onun ətraf mühitində oxşar predmet və hadisələrə uyğun olmasını qeyd etmək lazımdır".

Uşaqların hansı yaş dövründə nə cür kitablar oxumalarına izn verilməsinə gəlincə isə, psixoloq qeyd edib ki, kitabın mövzusuna fikir verin:

"Məsələn, onun oyuncaqları, ana, ata, onun mühitinə uyğun olan heyvanlarla bağlı təsvirləri əhatə edə bilən kiçik şerlər, mətnlər ola bilər. Bu mətnlər sadəcə olaraq valideynin oxuması üçündür və valideyn uşağa bu sözləri ifadə etdikdə şəkillərlə assosasiya yaratmağa çalışmalıdır.

1 yaşdan 3 yaşa qədər olan dövlərdə artıq kitabın mövzusu zənginləşir. Mövzu predmetlər, o cümlədən onun həmyaşıdı olan uşaqlar və heyvanlarla bağlı kiçik şer və mətnləri, nağılları əhatə edir. Bura eyni zamanda düzgün davranış, yaxşı və pis nədir-mövzusunun sadə bəsit formalarını özündə əhatə etməlidir.

3 yaşdan başlayaraq nağıl və fantaziya dünyasını əhatə edən kitablar və artıq ilk təhsillə bağlı olan maraqlı oyun, şəkillərlə qeyd olunmuş məntiqi məsələlər, o cümlədən rəngləmələr olan kitablar uşağa təqdim edilə bilər.

6-9 yaşdan başlayaraq sehrli nağıl dünyası insan münasibətlərini də özünü kitablarda əks etdirməlidir. Bura həm heyvanlar haqqında nağıllar və eyni zamanda ağıllı, igidlik, qəhrəmanlıq, düzgünlük və s. xüsusiyyətləri özündə birləşdirən obrazları olan nağıllar aiddir. O cümlədən onların həmyaşıdları ilə bağlı məcara və gündəlik hadisələrdə onların davranışı mövzusunda kiçik hekayələr də belə kitablara aiddir".