Səhiyyə Nazirliyi bəzi dərmanlarla bağlı mənfi rəy verdi


Digərləri 23 Noy 2019 14:08:00 368 0

Səhiyyə Nazirliyi bəzi dərmanlarla bağlı mənfi rəy verdi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AME) oktyabr ayında apardığı ekspertizalar zamanı bəzi dərman vasitələrinin qeydiyyata alınması ilə bağlı müraciətlərə xitam, bəziləri barəsində isə mənfi rəy verib.

Son.az Trend-ə istinadən bildirir ki, Türkiyənın "Sofram Gida San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan Festal Şokolad-Yetkin Qadınlar Üçün (baton 25 q) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair müvafiq rəy vermək mümkün deyil. Belə ki, məhsulun qablaşması ilə tərkibinə aid verilən sənəd bir-birilə uyğunlaşmır. Tərkibə aid sənəd "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın tələblərinə uyğun deyil. Eyni zamanda, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə eyni adlı dərman vasitəsi mövcuddur.

Rumıniyanın "SC Laboratoarele Remedia SRL." şirkətinin istehsalı olan 001.05.19 seriyalı Kalsiart (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə keçirilən ekspertiza zamanı müəyyən olunub ki, məhsulun orta çəkisi istehsalçı tərəfdən təqdim olunan göstəriciyə uyğun deyil. Ekspertiza nəticəsində məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün olmayıb. Belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.

Türkiyənin "Koç İlaç Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz.İth.İhr.San.Tic.Ltd.Sti." şirkətinin istehsalı olan Ferrokoc (tablet, №60) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə aparılan ekspertiza nəticəsində C vitamininin miqdarı 24.4 mq/tab (NS -ə əsasən 30.0 mq+/-10%, 27-33 mq/tab) olaraq aşkar edilib. Buna görə də məhsulun qeydiyyata alınması ilə bağlı müraciətə xitam verilib.

Xitam verilən müraciətlər sırasında İtaliyanın Pharmaguida S.R.L-Piopp şirkətinin istehsalı olan "Bimbovit Ferro" (damcı) da olub.

AEM təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Microfleb/Mikrofleb (tablet, №30) adlı məhsulla bağlı mənfi rəy verib.