BNAnın gətirdiyi 300 yeni avtobusun aqibəti necə oldu?


Digərləri 23 Noy 2019 13:24:00 296 0

BNAnın gətirdiyi 300 yeni avtobusun aqibəti necə oldu?

Bakı şəhəri üzrə bəzi marşrut xətlərində, o cümlədən Bakıətrafı kənd və qəsəbələr üzrə xətlərdə köhnə avtobusların istismarı paytaxtın nəqliyyat sisteminin problemləri sırasında öndə gələn məsələlərdən biridir.

Uzun müddətdir müzakirə olunan bu problemin həlli ilə bağlı dəfələrlə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib ki, bu il Bakıətrafı qəsəbələrin ictimai nəqliyyat xətlərindəki marşrut avtobuslarının dəyişdirilməsinə üstünlük veriləcək.  Agentliyin yaydığı məlumata görə, bu il Bakıya 300 yeni avtobus gətirilməli idi. Bəs görəsən, bu avtobusların taleyi necə olub, onlar hansı istiqamətlərdə xətlərə buraxılacaq? Digər tərəfdən ictimai nəqliyyatda gediş haqlarının ödənilməsi ilə bağlı tətbiq olunan kart sisteminin bütün xətlər üzrə quraşdırılması söz verildiyi kimi ilin sonuna qədər başa çatacaqmı?

"Yeni Müsavat"ın suallarını cavablandıran Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, artıq 280 ədəd 12 metrlik avtobuslar şəhərimizdədir: "Qalan 20 ədəd 18 metrlik avtobusların da gətirilməsi üçün iş gedir. Avtobusların xəttə buraxılması işləri də plana uyğun davam edir. Önümüzdəki həftələrdən prosesə start veriləcək".

BNA sözçüsü vurğuladı ki, yeni avtobuslar həm də   Bakıətrafı kənd və qəsəbələr üçün nəzərdə tutulub və vətəndaşların müraciətinə əsasən ən çox problem olan istiqamətlərə veriləcək: "Yeni avtobuslar Bakıətrafı kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərən marşrut xətlərinə də veriləcək. İstiqamətlərin müəyyən olunması ilə əlaqədar həm özümüzün apardığı monitorinqlər təhlil olunur, həm də vətəndaşlardan daxil olan müraciətlər təhlil olunub araşdırılır. Vətəndaş müraciətləri çox önəmlidir. Çünki görülən işlər məhz onların rahatlığı üçündür".