Gürcüstan qeydiyyatlı maşınların ölkəyə girişində problem yaranıb?


Digərləri 23 Noy 2019 13:47:00 498 0

Gürcüstan qeydiyyatlı maşınların ölkəyə girişində problem yaranıb?

Bir neçə gündür sosial şəbəkələrdə Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin ölkə ərazisində qalma müddəti ilə bağlı dəyişikliklərin edildiyi və sərhəddən keçiddə problemlərin yaşandığına dair paylaşımlar edilir. Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, xarici dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq gətirilməsi zamanı nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlərlə bağlı sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yanlış şərhlər irəli sürülür.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  305 nömrəli qərarına əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan bu mal mövqelərinə aid avtonəqliyyat vasitələri qeyri-rezidentlər tərəfindən müvəqqəti olaraq ölkə ərazisinə 90 gün müddətinə gətirilə bilər.

Həmin müddətin Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə şəxsin ölkədə qalma müddətinə uyğun olaraq maksimum bir ilə qədər uzadılması mümkündür.

Bu isə o deməkdir ki, əcnəbilər tərəfindən gətirilən və xarici ölkədə qeydiyyatda olan nəqliyyat vasitəsi hər hansı təminat üsulu tətbiq edilmədən Azərbaycan Respublikasında 90 gün müddətində qala bilər.

Avtomobili ölkə ərazisinə gətirən şəxs gömrük orqanına müraciət edərək qanunvericiliyə əsasən, müvafiq təminat üsullarından istifadə etməklə bu müddəti uzada bilər. Bu halda isə qanunvericilikdə müəyyən edilən müddət bir ilə qədərdir.

Gömrük orqanları tərəfindən aparılan müşahidələr nəticəsində müəyyən olunub ki, son dövrlərdə Azərbaycan Respublikasında yaşayan, xarici vətəndaşlığı və ya ikili vətəndaşlığı olan şəxslər tərəfindən xarici dövlətlərdə  daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin həmin ölkələrdən alınmaqla ölkə ərazisinə müvəqqəti gətirilməsi halları kütləvi xarakter alıb.