“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKOnun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib


Kriminal 23 Noy 2019 09:29:00 337 0

“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKOnun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutu UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə "İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKO-nun dəyərləri" mövzusunda beynəlxalq elmi konfrans keçirib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.

Qeyd edib ki, həmin sənədlər Nəsiminin şəxsiyyətinə, irsinə verilən yüksək dəyərin göstəricisidir və sənətkarın həyat və yaradıcılığının, həmişəyaşar ideyalarının daha geniş miqyasda və elmi əsaslarla tanıdılmasına imkan açır.

Ümummilli lider Heydər Əliyevin İmadəddin Nəsimi yaradıcılığına xüsusi önəm verdiyini vurğulayan akademik Ulu Öndərin təşəbbüsü ilə Nəsiminin 600 illiyi UNESKO-nun tədbirləri siyahısına daxil edildiyini deyib. Bildirilib ki, dahi rəhbər Heydər Əliyevin qayğısı nəticəsində böyük şairin əsərləri geniş şəkildə tədqiq və təbliğ olunub.

Nəsiminin zəngin yaradıcılığından bəhs edən akademik İsa Həbibbəyli qeyd edib ki, böyük şair Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli sənətkarlar sırasında özünəməxsus yer tutur. Nəsimi ümumşərq miqyasında görkəmli şair kimi tanınan və qəbul olunan sənətkardır. O, Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısıdır. Nəsiminin şeirlərində kamil insan olmağa qüvvətli çağırışlar olub. Şair kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf edib.

Akademik İsa Həbibbəyli respublikamızda və xarici ölkələrdə böyük Azərbaycan şairi İmadəddin Nəsimi yaradıcılığına həsr edilmiş tədbirlərin keçirildiyini bildirib.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə İmadəddin Nəsiminin istər ədəbiyyat, istərsə də fəlsəfə sahəsində əvəzsiz zəngin irs qoyduğunu qeyd edib. O bildirib ki, hürufilik Nəsimi tərəfindən nəinki Azərbaycanda, eləcə də Şərqdə geniş yayılıb və bunun sayəsində şair Misir, İraq, İran və Anadoluda ən tanınmış simalardan birinə çevrilib.

Alim ümummilli lider Heydər Əliyevin İmadəddin Nəsimi yaradıcılığına böyük diqqət göstərdiyini deyib.

İlham Məmmədzadə Nəsiminin dərin məntiqi və fəlsəfi baxışlarının dünyanın qabaqcıl alimlərinin həmişə diqqət mərkəzində olduğunu da vurğulayıb.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov Azərbaycan-UNESKO əlaqələrindən danışıb, bu əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb. Elnur Sultanov Nəsimi irsinin tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Nəsimi irsi ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətindən danışıb.