"Hər kəs bacara bilməz" Evində ilan saxlayan Mirhəsən FOTO


Digərləri 23 Noy 2019 07:11:00 354 0

"Hər kəs bacara bilməz"  Evində ilan saxlayan Mirhəsən  FOTO

Mirhəsən Abıyev: İlanlarla yaxın ünsiyyətdə olmağı hər həs bacara bilməz

Ağdam rayon Əhmədavar kənd sakini Mirhəsən Abıyev 50 ildir ilanlarla dostluq edir. Uşaq yaşlarından ilan saxlamağa marağı olan Mirhəsən Abıyev uzun illər keçməsinə baxmayaraq, bu gün də evində ən zəhərli ilan hesab edilən gürzə saxlayır.

Son.az xəbər verir ki, Mirhəsən Abıyev AZƏRTAC-a müsahibəsində ilanlara marağın uşaq vaxtlarından yarandığını bildirib: "Həmyaşıdlarım ev heyvanları bəsləyəndə mən günlərimi ilanlarla oynamaqla keçirirdim. İlanları tutub evə gətirirdim. İnsanların ilanlardan qorxmasını anlamırdım. Gürzə ilanını 1969-cu ildən saxlamağa başlamışam. Bir dəfə pişik yaxınlaşıb ilana pəncə atdı. Gürzə pişiyi sancıb öldürdü. Ondan sonra anladım ki, insanlar ilandan niyə qorxur. Ancaq onu da başa düşdüm ki, ilana toxunmasan heç kimə zərər vurmaz. O, özünü qorumaq zərurəti yarananda sancır".

Doğma kəndləri işğal olunandan sonra Mirhəsən Abıyev məcburi köçkün kimi bir müddət Cəlilabad rayonunda məskunlaşıb. 2005-ci ildən isə Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayır.

Onun ilanlara olan marağı təbiətə sevgidən irəli gəlir. "İlanlar təhlükəli olduğu kimi, həm də çox xeyirli canlıdır. Digər canlılar kimi, ilanların da təbiət üçün öz əhəmiyyəti var. Odur ki, onları qorumaq lazımdır. Təəssüf ki, insanlar ilanlara qarşı pis münasibət bəsləyirlər. İlanlarla rastlaşan hər kəs qeyri-ixtiyari qorxu hissi keçirir. Təhlükəli olub-olmadığını bilmədən onları öldürülər. Bu isə məlumatsızlıqdan irəli gəlir".

Müsahibim deyir ki, insanlar arasında ilanlarla bağlı doğru olmayan fikirlər var. Məsələn, xalq arasında belə fikir var ki, qızıl ilan yeddi qardaş olur. Birini öldürdükdə digər qardaşlar hökmən onun qisasını alır. Əslində isə belə bir şey yoxdur. Əslində, qızıl ilan qorxaq olduğundan çox cəld hərəkət edib uzaqlaşmağa çalışır. Bu ilanlar həm də zəhərsiz olur. Sancmalarının insan üçün heç bir təhlükəsi yoxdur.