Kirayə mənzillərə müraciət başlayır:


Digərləri 22 Noy 2019 17:34:00 265 0

Kirayə mənzillərə müraciət başlayır:

"Gələn ayın ikinci yarısından kirayə mənzillərə müraciət başlayacaq. Mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib də ola biləcəklər".

Son.az bildirir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov öz Facebook hesabında məlumat verib. O bildirib ki, mənzili kirayə edən vətəndaşın aylıq ödənişləri evin xərcindən çıxılacaq:

"Müqavilə bağlanandan 3 il sonra kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib ola və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər".

Vüqar Bayramov kirayə mənzillərlə bağlı ən vacib 30 sualı da cavablandırıb:

- Hansı sənədlər tələb olunur?

- Müraciət edən şəxs elektron və "ASAN imza"ya malik olmaqla özünə elektron kabinet yaratmalıdır. Kabinet yaradan zaman o özü ilə bağlı məlumatları elektron daxil edə biləcək. Bunu müraciət başlayan zaman "ASAN xidmət"ə müraciət etməklə qısa zamanda həll etmək olar. Bu prosesi keçən və müsbət cavab alan vətəndaş fonda şəxsiyyət vəsiqəsinin surəti (onunla birgə kirayə götürüləcək yaşayış sahəsində yaşayacaq ailə üzvləri varsa, həmçinin onların şəxsiyyət vəsiqələrinin surətləri) və gəlirlərini təsdiqləyən sənədləri təqdim etməlidir.

Qaydalara əsasən, rəsmi əmək müqaviləsi olmayan, amma fərdi sahibkarlıqla məşğul olan vətəndaşlar da evlərə müraciət edə biləcək. Bu zaman onlar sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surətini və vergi orqanlarında qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməlidirlər. Fond müraciətə müsbət cavab verdikdən sonra sonuncu mərhələ müqavilənin bağlanmasıdır.

- Kirayə evlərə necə müraciət etmək olar?

- Kirayə evlərə "ASAN xidmət" və ya elektron ipoteka portalı vasitəsi ilə müraciət etmək mümkün olacaq.

- Kimlər kirayə mənzilə sahib ola bilər?

- Mənzilə sahib olanların Azərbaycan vətəndaşı olması şərtdir. Kirayə mənzil üçün müraciət edənin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır. Məhkumluğu olmaması da şərtlər siyahısındadır.

- Kirayə evə müraciət üçün ailəli olmaq şərtdirmi?

- Fondun elan etdiyi şərtlərdə ailəli olmaq şərt kimi qeyd olunmur. Bu isə o deməkdir ki, ailəli olmayan vətəndaşlarımız da müraciət edə biləcəklər.

- Hansı hallarda ev kirayəçidən geri alına bilər?

- Bu hallarda mənzilin geri alınması nəzərdə tutulur: aylıq ödənişlər 60 gün və daha çox müddətdə ödənilmədikdə; kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə; yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə (bu hal baş verdikdə, əldə olunan sığorta ödənişi kirayə müqaviləsi üzrə alış qiymətinin kirayəçi tərəfindən ödənilmiş hissəsi ilə alış qiymətinin ödənilməli olan qalıq məbləğinin nisbətinə müvafiq olaraq fond ilə kirayəçi arasında bölüşdürülür); kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə, həmçinin kirayə müqaviləsi üzrə üzərinə götürdüyü digər vəzifələri icra etmədikdə.

- Mənzillər harada olacaq?

- Bizdə olan məlumata görə, mənzillər daha çox Bakının mərkəz ətrafı rayonlarındadır. İlkin məlumata görə, Qara Qarayev, Neftçilər, Əhmədli metrosu ətrafında daha çox mənzil təklif olunacaq.

- Yaşayış sahəsinin qiyməti necə müəyyənləşəcək?

- Mənzilin xərci müqavilə müddətindəki ayların sayına bölünərək aylıq ödəniş məbləği müəyyənləşəcək. Məsələn, mənzilin xərci 120 min manat və müqavilə müddəti 25 ildirsə, o zaman 120 000 manat / ( 25 il X 12 ay) = 400 manat kimi müəyyənləşəcək.

- Kirayə hansı müddətə bağlana bilər?

- Kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir.

- Kirayəçi mənzilə ən tezi hansı müddətdən sonra sahib ola bilər?

- Müqavilə bağlandıqdan ən azı 3 il müddətdən sonra kirayəçi mənzilə sahib olmaq hüququna malikdir. 3 ildən sonra isə növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər.

- İlkin ödəniş tələb olunurmu?

- İlkin ödəniş nəzərdə tutulmayıb. Amma kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlanıldıqdan sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən ödənilməlidir.

- Kirayəçi mənzili rəsmi olaraq başqa şəxsə ötürə bilərmi?

- Qaydalara görə, kirayəçiyə belə hüquq verilir. Fondun yazılı razılığı ilə kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər. Sadəcə kirayəçi bunu kirayə müqaviləsi bağlanan gündən 3 ildən sonra edə bilər. Məsələn, kirayə müqaviləsi bağlanandan 3 il sonra kirayəçi ödəniş etməkdə çətinlik çəkirsə və ya evlə bağlı planları dəyişirsə o zaman fondun razılığı ilə müqaviləni başqasının adına keçirə bilər. Mənzilə mülkiyyət hüququ kirayəyə verəndən başqa şəxsə keçdikdə, kirayənin qüvvədə qalması baş verir. Bu hal kirayə müqaviləsində də qeyd olunacaq.

- Kirayəçi dünyasını dəyişəndə, müqavilə şərtləri necə icra olunur?

- Kirayəçi vəfat etdikdə, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin kirayəçinin vərəsələrinə keçir.

- Fond hansı mənzilləri təklif edəcək?

- Fond öz vəsaiti hesabına aldığı və ya onun mülkiyyətinə keçən mənzilləri kirayə kimi təklif edə bilər. Mənzillər tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş olmalıdır.

- Kirayə mənzillər ilə bağlı məlumatı haradan əldə etmək mümkün olacaq?

- Fond satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrinə dair məlumatları (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı və s.) rəsmi internet saytında və "Elektron ipoteka və kredit zəmanət" sistemində yerləşdiriləcək.

- Kirayə mənzilə sahib olmaq üçün necə müraciət etmək mümkün olacaq?