Rusiyalı nazir: "Azərbaycanla qeyri-neft məhsulların mübadiləsində maraqlıyıq"


İqtisadiyyat 22 Noy 2019 13:17:13 300 0

Rusiyalı nazir: "Azərbaycanla qeyri-neft məhsulların mübadiləsində maraqlıyıq"

"Rusiya Azərbaycanda qeyri-neft sektorunun inkişafını dəstəkləyir".

"Rusiya Azərbaycanda qeyri-neft sektorunun inkişafını dəstəkləyir".

“Report” xəbər verir ki, bu barədə “Moskva – Baku” jurnalına müsahibəsində Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin deyib.

O, hazırda ölkəsinin 70-dən çox inzibati bölgəsinin Azərbaycanla ticarət əlaqələrinə cəlb olunduğunu, müxtəlif sahələrdə yeni əlaqələrin qurulduğunu vurğulayıb.

“Rusiya azərbaycanlı tərəfdaşlarla sənaye, nəqliyyat, logistika, gəmiqayırma, kənd təsərrüfatı, İT, turizm, sərmayə qoyuluşu sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişafında sözlə yox, həqiqətən maraqlıdır. Hər iki ölkə aqrosənaye sahəsində əməkdaşlığı inkişaf etdirmək, o cümlədən məhsulların keyfiyyətinə nəzarətin və gömrük prosedurlarını təkmilləşdirmək üçün müvafiq addımlar atır", - nazir bildirib.

“Yeri gəlmişkən, Azərbaycan bizim üçün bəzi ərzaq məhsullarının əsas mənbələrindən biridir. Təzə meyvələr idxalının 28,3 faizi, tomatların 28 faizi, qoz-fındığın 22,2 faizi, kartofun 13,3 faizi, ərik, gilas, vişnənin 12,5 faizi Azərbaycandan gəlir. Qarşılıqlı ticarət əlaqələrinin, o cümlədən yol xəritələr formatında daha da artırılması üçün imkanları görürük”, – rusiyalı nazir diqqətə çatdırıb.

Xatırladaq ki, bu gün Moskvada X Rusiya – Azərbaycan regionlararası forumu açılıb.

Ümumiyyətlə, builin 8 ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 25,7 faiz artaraq 1,9 milyard dollar həddini aşıb. Azərbaycana Rusiyadan idxalın həcmi 30,7 faiz artaraq 1,4 milyard dollar, bu ölkəyə ixracat isə 14,5 faiz artaraq 546,7 milyon dollar təşkil edib.