Azərbaycanda ixtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi qaydası təsdiqlənib


Siyasət 22 Noy 2019 09:34:07 312 0

Azərbaycanda ixtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti “İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası”nı təsdiq edib.

Nazirlər Kabineti “İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası”nı təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərar ixtira, faydalı model və sənaye nümunələri barədə məlumatların dövlət reyestrinə daxil edilməsi, reyestrdə dəyişikliklərin aparılması və patentin dublikatının verilməsi ilə bağlı məsələləri tənzimləyir.

Qərarda qeyd olunub ki, Azərbaycan Respublikasının ixtira, faydalı model və sənaye nümunəsinin Dövlət reyestri həmin obyektlərin qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi barədə məlumatların daxil olduğu rəsmi sənəddir. Reyestr Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən aparılır.

Qərara əsasən, reyestr kağız və elektron daşıyıcılarda tərtib edilir. Elektron reyestrin formalaşdırılması, tərtib edilməsi və inteqrasiyasına dair bu Qaydada nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq tənzimlənir.

Eyni zamanda Elektron Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Reyestr Azərbaycan Respublikasının dövlətin formasiya ehtiyatıdır.

Qərara əsasən, Reyestrdə dəyişikliklərin edilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizə ilə birlikdə Agentliyə təqdim edildikdən sonra 15 iş günündən gec olmayaraq, Reyestrdə müvafiq dəyişikliklər edilir.

Reyestrdə dəyişikliklərin aparılması üçün Agentliyə təqdim olunan məlumatların dürüst, dəqiq və tam olmasına görə məsuliyyət patent sahibinin və ya onun vərəsəsinin (hüquqi varisinin), yaxud etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin üzərinə düşür.

Patentdə aşkar edilmiş səhvlər Agentlikdə patentin yazılmasına və rəsmiləşdirilməsinə cavabdeh olan işçinin və ya ekspertizanın səhvi üzündən baş verdikdə, Reyestrdə dəyişikliklərin edilməsi üçün dövlət rüsumu ödənilmir.

Patent sahibi tərəfindən təqdim edilən zədələnmiş və ya korlanmış patentlər Agentliyin İdarə Heyətinin qərarı ilə yaradılmış müvafiq komissiya tərəfindən məhv edilir.

Reyestr Azərbaycan dilində tərtib edilir.

Reyestrə daxil edilən hüquqi və fiziki şəxslərin adları və digər məlumatlar düzgün yazılmalı, reyestr nömrələrinin sıra ardıcıllığına əməl edilməli, göstərilən məlumatlar bütöv verilməli, qeydlər aydın və yığcam olmalıdır.

Reyestrin aparılması ilə bağlı bu Qaydada nəzərdə tutulmayan digər məsələlər Qanuna uyğun olaraq tənzimlənir.