Niyə uğurlu insanların müvəffəqiyyət sirləri bizim üçün demək olar ki, faydasızdır?


Digərləri 21 Noy 2019 21:20:00 320 0

Niyə uğurlu insanların müvəffəqiyyət sirləri bizim üçün demək olar ki, faydasızdır?

Vaxtaşırı uğurlu insanların sirləri haqqında oxumağı kim sevmir ki? Bu həqiqətən də maraqlı məşğuliyyətdir, həvəsləndirici məqalələrin saysız-hesabsız olduğunu da məhz bununla izah etmək olar. Adətən bu cür məqalələrdə verilən məsləhətlər ağlabatan səslənir. Dünya İqtisadi Forumu Business Insider ilə birlikdə, müvəffəqiyyətli insanların səhər yeməyindən əvvəl etdiyi 14 şey haqqında mətn yayımladı. Bu siyahıda "su içmək" və "yatağı düzəltmək" kimi bəndlər də var idi. Lakin Forbes tərəfindən nəşr olunan siyahının müəllifi hər uğurlu insanın "nə vaxt  ayrılacağını və nə vaxt qalacağını bilmək" keyfiyyətinə sahib olduğunu iddia edir. Entrepreneur oxuculara problemləri görməməyi və imkanlara diqqət etməyə başlamağı məsləhət görür. Və Inc.-dən daha bir məsləhət: başqalarının razılığını axtarmayın və çalışın diqqətinizi zəif tərəfləriniz üzərində olmasın.

Son.az bizplus.az-a istinadən bildirir ki, cazibədar olmalarına baxmayaraq, bu mətnlər sahibkarlar və menecerlər üçün çox təhlükəli ola bilər. İlk baxışdan bu fikir sizə qəribə gələ bilər, buna görə obyektiv səbəblərə nəzər yetirək:

Məlumatların elmi araşdırmalara deyil, müxtəlif insanların həyatında baş verən təsadüfi epizodlara əsaslanması. Bu məqalələrdə yer alan məsləhətlərin əksəriyyəti sistemli elmi təhlilə deyil, şəxsi hekayələrin subyektiv şərhlərinə əsaslanır. Əgər heç kim elmi metodlardan istifadə edərək bu cür məsləhətləri və siyahıları ciddi şəkildə qiymətləndirməyibsə, onların faydalı olub-olmaması da sual altındadır. Uğurlu insanlar "başqalarının fikirlərinə məhəl qoymurlar", "yox" deməyi bacarırlar", "prioritetləri müəyyən etməyi bacarırlar" və s. - bəlkə də bunları son dərəcədə müvəffəq olan insanlar edə bilərlər və yalnız özünü tanıdıqdan sonra. Bu o deməkdir ki, bu vərdişlərin bir hissəsi müvəffəqiyyətin səbəbi yox, nəticəsidir.

Tədqiqat nəticələri bəzən fərqli kontekstdə tətbiq oluna bilmir. Tutaq ki, bu və ya digər keyfiyyətlərin siyahısı həqiqətən də dərin təhlilə əsaslanır, lakin biz akademik tədqiqatların çox vaxt kontekstdən asılı olduğunu unutmamalıyıq. Məsələn, əzmkarlıq uğurun açarı kimi. Angela Dakuortun tədqiqat sənədləri və TED konfransındakı təqdimatı təsirli olsa da, bu keyfiyyətin effektivliyinin son metanalizi onun üstünlüyünü şübhə altına salır. Bir sözlə, hər şey kontekstdən və şəraitdən asılıdır.

Uğursuzluqların sükutu. "Qara Qu quşu" nəzəriyyəsində Nassim Taleb yunan şairin (Diagor) hekayəsini misal çəkir. Ona fırtına zamanı duanın dənizçiləri ölümdən xilas etdiyini söylədikdə, Diagor dua etməsinə baxmayaraq suda boğulan insanlar haqqında soruşdu. İnsanlar xilas olmalarını dua ilə əlaqələndirirlər, çünki sağ qalanların hamısı dua edib. Lakin dua etdiyinə baxmayaraq suda boğulan insanları düşünsək, duanın tamamilə faydasız olduğunu görərik.

Sosioloqlar bu fenomeni "sağ qalanın sistematik səhvi" adlandırırlar. Taleb fırtınadan sağ çıxmayan insanları "səssiz şahidlər" hesab edir. Tədqiqatlar bizim gördüyümüz və yaşadığımız hadisələrdən (məsələn, geniş yayılmış uğur hekayələrindən) nəticə çıxardığımızı göstərir. Buna baxmayaraq, biz görmədiyimiz şeyləri tanımaqda kifayət qədər bacarıqsızıq.

Əgər müvəffəq olmaq şansınızı obyektiv qiymətləndirmək istəyirsinizsə, uğur və uğursuzluqların nisbətini nəzərə almalısınız. Uğur qazanmağa çalışan neçə insan, ideya və ya təşkilat oyuna qatılıb? Sonda onlardan neçəsi məqsədinə çatıb? Bu iki rəqəm arasındakı fərq nə qədər çoxdursa, uğurlu olmağa dair məsləhətin dəyəri bir o qədər azdır.