Nazir müavini: "Azərbaycanda elmi tədqiqatların faizinin artmasında ali məktəblərin rolu yüksəkdir"


Digərləri 21 Noy 2019 18:10:00 377 0

Nazir müavini: "Azərbaycanda elmi tədqiqatların faizinin artmasında ali məktəblərin rolu yüksəkdir"

Azərbaycanda elmi tədqiqatların faizinin artmasında ali təhsil müəssisələrinin rolu nəzərəçarpacaq qədər yüksəkdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, azərbaycanlı alimlərin xarici həmkarları ilə birgə nəşr etdirdiyi elmi işlərin sayının artması ölkəmizin beynəlxalq tədqiqat layihələrində fəal iştirakının göstəricisidir. 2017-ci ildə dünyanın aparıcı elmi jurnallarında Azərbaycan alimlərinin ən çox sayda (1160 nəşr) tədqiqat nəticələri nəşr edilib.

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" barədə məlumat verən F.Qurbanov bildirib ki, Azərbaycanda intellektual potensialın gücləndirilməsinə xidmət edən bu proqram Azərbaycan vətəndaşları üçün Şanxay reytinq cədvəlinə daxil olan 500 universitetdə doktorantura səviyyəsində təhsil almaq imkanı yaradır.

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının vacibliyini vurğulayan nazir müavini təhsildə texnoloji innovasiyaların tətbiqindən danışaraq "Rəqəmsal bacarıqlar" və STEAM layihələri barədə məlumat verib. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrasının təmin olunması istiqamətində Təhsil Nazirliyi tərəfindən müvafiq addımların atıldığını qeyd edən F.Qurbanov əldə olunmuş nailiyyətlər, o cümlədən İnformasiya Resursları Mərkəzi, Təhsil şəbəkəsi, bu sahədə kadr potensialının inkişafı və elektron resurslar barədə də məlumat verib.