Orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki hansı problemlər var?


Digərləri 21 Noy 2019 13:56:00 360 0

Orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki hansı problemlər var?

Deməzdim ki, Azərbaycanda zorakılığa məruz qalan, zərərli vərdişlərə qoşulan uşaqların sayı yox dərəcəsindədir. Əlbəttə, belə uşaqlar var. Bizim həmin uşaqların məktəb təlimlərinə cəlbində də müəyyən problemlərimiz olur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda icbari təhsil 9 illik olsa da, tədrisdən yayınanlar var. Belə uşaqların əksəriyyəti məhz valideynləri tərəfindən təhsildən yayındırılır. Həmin uşaqlar təsərrüfat və digər işlərə cəlb olunur.

F.Həmzəyev həmin uşaqların icbari təhsilə cəlb edilməsində müəyyən çətinliklərin olduqlarını söyləyib:

"Ailələrin məktəblə əlaqəsini genişləndirmək məqsədilə ailələrin vəziyyəti öyrənilib. Məlum olub ki, 30 minə yaxın ailədə ata-ana ayrılıb. Yaxud müəyyən qisim uşaqlar hər iki valideyndən məhrum olublar. Bunun da uşaqların psixologiyasına təsiri var. Əlbəttə ki, belə uşaqların zərərli vərdişlərə yiyələnmə ehtimalı daha çoxdur. Ona görə də belə uşaqları müəyyən edərək onlarla iş aparırıq".