Azərbaycanda peşə təhsili populyarlıq qazanır


Sosial 21 Noy 2019 13:28:45 277 0

Azərbaycanda peşə təhsili populyarlıq qazanır

2018/2019-cu tədris ilində peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı 16151 nəfər təşkil edib

Son illər təhsil sistemində strateji baxımdan vacib istiqamətlərdən biri də Azərbaycan Təhsil Nazirliyi tərəfindən peşə təhsili sahəsində aparılan islahatlardır vəbunun nəticəsində bu sahəyə maraq ildən-ilə artır.

"Report"un məlumatına görə, statistika bunu göstərir.

2017/2018-ci tədris ilində peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı 14611 nəfər idisə, 2018/2019-cu tədris ilində bu rəqəm 10,5% artaraq 16151 nəfər təşkil edib. Artan yalnız müraciət edənlərin sayı deyil, həm də onların keyfiyyət göstəriciləridir. Beləliklə, 2018/2019-cu tədris ilində peşə məktəbinə orta “4” balla daxil olanların sayı əvvəlki ilə nisbətən 17% artıb.

Burada bir neçə səbəb ola bilər: gənclər maliyyə müstəqilliyi yoluna daha sürətli can atırlar, bu peşələrə əmək bazarında tələbat var, bu sahədə təhsil ferasında islahatlar aparılır.

İslahatlardan bəhs edərkən son illərdə dövlətin ölkədə peşə təhsilinin inkişafına xüsusi diqqət yetirdiyini qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, "Azərbaycanda peşə təhsili və təhsilinin inkişafına dair Strateji Yol Xəritəsi" təsdiq edildi. Sənəd həmçinin işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılması, məqsədli peşə inkişafı proqramlarının yaradılması; sektorlar üzrə spesifik proqramların yaradılması və s. kimi məsələləri əhatə edən strateji hədəfləri müəyyənləşdirir.

Dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin mərkəzləşdirilmiş qaydada şəffaf, səmərəli idarə edilməsinin təmin edilməsi və peşə təhsilinin inkişafında maliyyələşdirmə mexanizminin rolunu artırılması məqsədilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb, peşə təhsili sahəsində bir sıra normativ-hüquqi aktlar hazırlanıb. Bununla yanaşı, peşə təhsili müəssisələrinin şəbəkəsi müasir standartlara cavab verən müəyyən peşə sahələri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin birləşdirilməsi və yaradılması ilə rasionallaşdırılıb və optimallaşdırılıb.

2018-ci ildə bölgələrdə və Bakıda fəaliyyət göstərən 55 peşə təhsili müəssisəsinin bazasında 24 dövlət peşə təhsili mərkəzi yaradılıb. Əmək bazarının tələblərini nəzərə alaraq 2018-ci ildə ixtisasların təsnifatı siyahısına 20-dən çox yeni ixtisas əlavə edilib. Məzmunu yeniləmək üçün beynəlxalq təşkilatlarla birlikdə 81 tədris proqramı (kurrikulumlar) hazırlanıb.

Həmçinin peşə təhsili müəssisələrinin müəllim heyətinin diaqnostik qiymətləndirilməsi də aparılıb. 2018-ci il yanvarın 1-dən etibarən diaqnostik qiymətləndirmədən keçən dövlət peşə təhsili müəssisələrində çalışan müəllimlərin həftəlik iş yükü norması 1,5 dəfə, aylıq əmək haqqı isə orta hesabla 2 dəfə artırılıb.

Qeyd etmək lazımdır ki, peşə təhsili müəssisələrinə sənəd qəbulu "ASAN xidmət" mərkəzlərində ödənişsiz, elektron qaydada həyata keçirilir, "ASAN xidmət" mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda isə sənəd qəbulu müvafiq peşə təhsili müəssisələrində reallaşdırılır.

2019-cu ilin sentyabr ayında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Azərbaycanda analoqu olmayan Peşə Təhsil Mərkəzi açılıb. Mərkəz Koreya Respublikasının dəstəyi ilə Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə birgə fəaliyyət göstərir. Hazırda Mərkəzdə 8 ixtisas üzrə 231 tələbə təhsil alır. Mərkəz "Maksimum təcrübə, minimum nəzəriyyə" prinsipi ilə fəaliyyət göstərir və tələbələrə yalnız işlərində faydalı olacaq zəruri bilik və bacarıqlar öyrədir.

2019/2020-ci təhsil ilindən başlayaraq ümumtəhsil müəssisələrində ayrı-ayrı peşələr üzrə xüsusi peşə yönümlü siniflər açılıb. Bu məqsədlə tələbələrin kənd təsərrüfatı, iaşə, tikinti və məişət texnikalarının təmiri sahələrində təcrübə keçməsi üçün lazımi infrastruktur yaradılıb. Bu tələbələr məktəbi bitirmələrinə dair sənədlərlə yanaşı, təhsil aldıqları peşə üzrə sertifikat da alacaq. Bu, onlara məktəbi bitirdikdən dərhal sonra bu sahədə işə başlamağa imkan verəcək.

Müxtəlif beynəlxalq araşdırmalara əsasən, bu gün böyük şirkətlər işçiləri seçərkən təhsil müəssisəsinin diplomundan çox, namizədin bacarıq və təcrübəsinə diqqət yetirirlər, buna görə də peşə məktəblərinin əsas vəzifəsi müasir əmək bazarında tələb olunan səriştəli və bacarıqlı mütəxəssis-praktiklər hazırlamaqdır.

Buna görə də Azərbaycanda bu tip müasir peşə mərkəzlərinin yaradılması yüksək keyfiyyətli, rəqabət qabiliyyətli belə desək, "texniki elita"nın hazırlanmasına imkan verəcək və bu da ölkəmizin iqtisadiyyatının inkişafına təkan verəcək.

Emiliya Abbasova

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək