“Azərenerji” SES-lərdə yeni sistem yaradır (VİDEO)


Digərləri 21 Noy 2019 11:54:00 318 0

“Azərenerji” SES-lərdə yeni sistem yaradır (VİDEO)

Tezliyin tənzimlənməsi avtomatik olacaq

Bakı. Samir Əli - “Azərenerji” İstilik Elektrik Stansiyasiyaları ilə yanaşı, “Mingəçevir” Su Elektrik Stansiyasında da təmir-bərpa işləri həyata keçirir. Trend-in məlumatına görə, 6 hidroaqreqatdan ibarət “Mingəçevir” SES-də təmir-bərpa işləri aparılaraq dayanıqlıq, etibarlıq və təhlükəsizlik artırılacaq. Ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə gerçəkləşəcək. Qeyd edək ki, 2018-ci ilin yayında baş verən qəza və nəticədə enerjisistemin çökməsinin bir daha təkrarlanmaması üçün əks-qəza avtomatikasının, rele mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin və şirkətlərin müasir texnologiyasına əsaslanaraq alınan avadanlıqlar işə qoşulur. 1, 3 və 6 saylı hidroaqreqatlarda bu işlər artıq başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generatorun mühafizə qurğuları işə qoşulub. 2, 4, və 5 saylı qurğularda bu işlər davam etdirilir. “Mingəçevir” SES-də olduğu kimi “Şəmkir” və “Yenikənd” Su Elektrik Stansiyalarında da eyni qurğular quraşdırılacaq. Bununla yanaşı hazırda “Şəmkir” SES-in 37 il əvvəl istifadəyə verilən və istismar müddətini bitirdiyindən təhlükəli vəziyyətdə olan su tullayıcı qurğusunda bərpa işləri aparılır. Qeyd edək ki, 160 metr uzunluqda olan üç bloklu yeraltı su tunelinin döşəməsində, tavanında, orta aşırımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəlib, beton qatları qırılıb. Qurğuda su sızmasının qarşısını almaq, uçmaq təhlükəsini aradan qaldırmaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanıb və təmirə başlanılıb.