"Söylənməmiş sevgilərdə açılmamış şərabların dadı var..."


Digərləri 20 Noy 2019 23:51:00 289 0

"Söylənməmiş sevgilərdə açılmamış şərabların dadı var..."

Türkiyə teatrı və kinosunun əfsanəvi aktrisası Yıldız Kenter tarixə qovuşdu

Son.az kaspi.az-a istinadən yazını təqdim edir. 

Yeni mövsümü Türkiyə kino cameəsi üçün bir o qədər də uğurlu hesab etmək olmaz. Belə ki, qonşu ölkədə bizim də sevərək izlədiyimiz Yeşilcam filmlərinin ulduzları bir-bir dünyasını dəyişərək tarix olurlar. Beləliklə, türk teatr sənətinin inciləri bir-bir sıranı tərk edirlər. Teatrı, səhnəni gənclərə təhvil verib, şəkillərə, yaddaşlara köçürlər. Noyabrın 17-də türk teatrının və eləcə də kinosunun sevilən sənətçisi Yıldız Kenter 92 yaşında dünyasını dəyişdi. 

Bir müddətdir ki, ağciyər çatışmazlığı ilə mübarizə edən və yaşı ilə bağlı problemlər yaşayan aktrisa 92 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Canlandırdığı obrazları ilə tamaşaçıların yaddaşında silinməz izlər buraxan aktrisa, Azərbaycan tamaşaçısının da kifayət qədər sevgisini qazanmışdı. Daha çox "Bəyaz Mələk", "Hanım" filmlərindən tanıdığımız aktrisa da tarixə çevrildi. Elə bir tarix ki, onu nə qurucusu olduğu Kenter Teatrı, nə də türk kinosu unudacaq. Elə bir tarix ki, onun bir əsrə yaxın salnaməsində Yıldız Kenterin izləri qalıb.    Yıldız ömrü   Əsl adı Ayşe Yıldız olan Yıldız Kenter 11 oktyabr 1928-ci ildə İstanbulda anadan olub. Anası ingilis əsilli Olga Chyntia sonradan Türkiyə vətəndaşlığın qəbul edərək adını Nadide Kenter olaraq dəyişib. Ana babasının İngiltərədə Şekspirin oyunlarını səhnələşdirən teatr qrupu olub. Və düz 11 yaşında Yıldız Kenter aktrisa olmağa qərar verib. Anasından gizli, atasının dəstəyi ilə Ankara Dövlət Konservatoriyasının yüksək bölümünə daxil olub. O dövrün ən məşhur şair, yazıçısı və teatr aktyorları olan Carl Ebert, Nurettin Sevin, Mahir Canova, Cahit Külebi, Sabahattin Ali kimi isimlərdən dərs alaraq konservatoriyanı vaxtından tez bitirib.    11 il Ankara Dövlət Teatrında çalışıb və özünü, bundan sonrakı ömrünü teatra həsr edib. "Rockefeller" təqaüdü qazanaraq (American Theatre Wing, Neighbourhood Play House ve Actor's Studio-ing) Amerika Teatr Qanadı, Qonşuluq Oyun Evi və Aktyor Studiyasında aktyorluq və aktyorluq tədrisində yeni üsullar üzərində çalışmalar aparıb. Sonra isə Ankara Dövlət Konservatoriyasında pedaqoq olaraq çalışıb.   1959-cu ildə Dövlət Teatrından ayrılaraq Muhsin Ertuğrul ilə birlikdə işləyir. Qardaşı Müşfik Kenter və həyat yoldaşı Şükran Güngör ilə "Paytaxt Aktyorları Topluluğu" adlı birlik qurur. Sonrakı illərdə ABŞ-da və İngiltərədə "Dəyişən təhsil metodları" və "aktyorluq metodları" üzərində davamlı olaraq çalışır.

1962-ci ildə teatr xidmətlərinə görə "İlin qadını" seçilir. 1968-ci ildə İstanbuldakı Kenter Teatrının inşasını başa çatdırır. Film aktyoru kimi üç dəfə "Altın Portakal" mükafatına layiq görülür. Sovet İttifaqı, ABŞ, İngiltərə, Almaniya, Hollandiya, Danimarka, Kanada, Yuqoslaviya və Kiprdə ingilis və türk dillərində tamaşalar göstərir.   Rejissor olaraq 100-dən çox tamaşa hazırlayır, bir o qədər də tamaşada  rol alır. Şekspir, Çexov, Brext, İnoesco, Pinter, Albee, Tennessi Williams, Alan Ayckbourn, Artur Miller, Brian Freil, Neil Simon, Athol Fugard, Sergey Kokovkin, Melih Cevdet Anday, Necati Cumali, Güner Sumer, Adalet Agaog, Zeki Özturanlı, Güngör Dilmen, Muzaffer İzgu və başqa türk yazıçılarının səhnəyə qoyulan pyeslərində oynayır.   1984-cü ildə Romadakı İtalyan Mədəniyyət Dərnəyi tərəfindən "Adalaide Ristori" mükafatına layiq görülür. Professor Yıldız Kenter 37 il səhnə müəllimi olaraq fəaliyyət göstərir. Eyni zamanda Koç Universitetində teatr dərsləri verir. 

1989-cu ildə Korsika Bastia Film Festivalında "Hanım" filmindəki roluna görə "Ən yaxşı qadın aktrisa" mükafatını alır.   1991-ci ildə teatrdakı xidmətlərinə görə Beynəlxalq Aslanlar Klubunun "The Melvin Jones" mükafatına layiq görülür. İki dəfə Ülvi Uraz "Ən yaxşı qadın aktrisa", üç dəfə də eyni kateqoriyada Avni Dilligil mükafatını qazanır.   1994-cü ildə "Konken Partisi" pyesindəki Fonsla roluna görə "Möhtəşəm ifa" mükafatını alır. Finlandiyadakı Dünya Qadınlar Təşkilatı tərəfindən "Əsrin ən uğurlu yüz qadınından biri" olaraq mükafatlandırılır. 1995-ci ildə teatr sənətinə verdiyi töhfələrə görə Mədəniyyət Nazirliyinin "Şərəf" mükafatını alır. Eyni ildə professor Kenter teatr sənətinə verdiyi töhfələrə görə Mövlana Qardaşlıq və Barış Mükafatına layiq görülür.   1996-cı ildə "Ramiz və Jülidə" oyunundakı Jülide roluna görə Jurnalistlər Birliyi tərəfindən verilmiş "Ən yaxşı aktrisa" mükafatına layiq görülür. 19 may 1997-ci ildə Beynəlxalq İstanbul Festivalı tərəfindən teatr sənətinə ömrü boyu verdiyi töhfələrə görə fəxri mükafat Dame Diana Rigg tərəfindən ona təqdim olunur.   2013-cü ildə "Sevgi həmişə varıydı..ş" adlı xatirə kitabını yayımlayır. Karyerasına saysız-hesabsız gözəl işlər sığdıran xanım, eyni zamanda UNİCEF-in xoşməramlı elçisi olub.   Ömrünü teatra həsr edən aktrisa   Mərhum aktrisa bütün ömrünü teatra həsr edib. Qurucusu olduğu Kenter Teatrında nümayiş etdirdiyi tamaşalardan zövq aldığını, ancaq teatrın zaman-zaman bağlanma təhlükəsi ilə üz-üzə qaldığını bildirib. Müsahibələrində hər zaman qeyd edib ki, teatrdan başqa işlə məşğul olmaq heç zaman ağlının ucundan keçməyib: "Teatr hər zaman ağlımda, fikrimdə, qəlbimdə olub. Bəzən deyirəm ki, başqa bir iş görsəydim, çox imkanlı olardım. Bütün işimi, pulumu teatra həsr etdim. Çalışıram ki, Kenter Teatrını ayaq üstə tutum və bunu əminliklə deyə bilərəm ki, mən öləndən sonra bu teatr satılacaq, onun üçün ölməməyə çalışıram".