Bakıda yaşlı qadına kömək edən şəxs ondan oğurluq etdi


Digərləri 20 Noy 2019 20:04:00 335 0

Bakıda yaşlı qadına kömək edən şəxs ondan oğurluq etdi

Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 20 ünvanında yaşlı qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən zərərçəkən binanın girişində ona naməlum şəxsin hücum etdiyini, zorakılıq hərəkətləri ilə əlindəki içərisində 3200 manat, şəxsi sənədlər, bank kartları və bir ədəd "Samsung" markalı mobil telefon olan çantanı talayıb qaçmaqla quldurluq cinayəti törətdiyini bildirib. Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Mirzə Əliyev saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma zamanı saxlanılan şəxsin qeyd edilən hadisədən bir neçə ay əvvəl zərərçəkən qadına qarşı başqa cinayət törətdiyi də müəyyən edilib.

Belə ki, Mirzə Əliyev 13 sentyabr 2019-cu il tarixində həmin qadın Nəsimi rayonundakı marketlərdən birindən çıxarkən ona əlində olan paketləri daşımağa kömək etmək adı ilə yaxınlaşıb. Paketləri evə qaldırandan sonra zərərçəkən qadın Mirzə Əliyevə su gətirmək üçün mətbəxə keçən zaman o, xanımın içərisində 2350 manat olan çantasını oğurlayaraq hadisə yerindən qaçıb. Sonuncu dəfə isə qadını bankomatdan pul çıxaran zaman görən Mirzə Əliyev onu təqib edərək binanın girişində ona hücum edib.